Məhkəmə qərarları › İş №e-2(042)-1377/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1377/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1377/2024 11.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında Cavabdeh 2306.42 manat məbləğində sığorta ödənişi, 43.07 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının, cəmi 2349.89 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Gədəbəy şəhərində "xxxx" ASC-də xx.xx.2023-cü il tarixli, PAG********** şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ 21063” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyatlı nişanlı və “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyatlı nişanlı avtomobillərə toqquşaraq, onları zədələmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2146.42 manat və “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 160 manat olmaqla, iddiaçı tərəfindən ümumillikdə 2306.42 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “VAZ 21063” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 332.1-ci, 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. “X1” MMC-in xx.xx.2023-cü il tarixli yekun aktında, yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 2146.42 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli yekun qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 160 manat müəyyən edilmişdir. Cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış və o, hadisə yerindən yayınmışdır. Ona görə də xx.xx.2024-cü il tarixli, 506/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyatlı nişanlı və “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyatlı nişanlı avtomobil vasitələrinə dəymiş zərərlə bağlı ödənilməli olan 2306.42 manat məbləğində pulun cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, cavabdehdən etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sığorta aktından görünür ki, “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Baş vermiş nəqliyyat hadisəsi nəticəsində “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 2146.42 manat, “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 160 manat müəyyən edilmişdir. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:02 radələrində Gədəbəy rayonu, Gərgər kəndi ərazisində idarə etdiyi **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, avtomobili etibarnaməsi olmadan idarə etmişdir. İşdə olan dəymiş zərərin hesablanması barədə aktlardan görünür ki, “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 2146.42 manat, “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 160 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:02 radələrində Gədəbəy rayonu, Gərgər kəndi ərazisində baş vermiş yol nəqliyyatı hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə baxılması üçün 43.07 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . “İcbari Sığortalar Haqqında” Qanunun 25.1. və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məcəllənin 284-6.3.-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə “Hyundai İ20” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2146.42 manat, “VAZ 21214” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 160 manat məbləğində zərər dəymişdir. İddiaçı tərəfindən həmin nəqliyyat vasitələrinə vurulmuş zərərə görə onların mülkiyyətçilərinə cəmi 2306.42 manat sığorta ödənişi verilmişdir. Hadisə zamanı Cavabdeh “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və hadisə yerindən yayınmış, Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.1-ci maddələri ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla da iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 2306.42 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.07 manat və bank xidmət haqqının əvəzi olan 0.40 manat alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227; 284-1 – 284-6, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2306.42 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.07 manat və bank xidmət haqqının əvəzi olan 0.40 manat alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar