Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1472/2025 02.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzə mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “alq-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1 ədəd telefon əşyası üçün 487,98 manat ödənilməmiş hissə, 48,80 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd telefon əşyası üçün 974,16 manat ödənilməmiş hissə, 97,42 manat cərimə borcu olmaqla, ümumilikdə 1.608,35 manat borc, 36,09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ABC-Telecom” MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən müqavilədə qeyd edilən əşyaları almış və nəticədə 1.608,35 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 487,98 manat (18 ay x 27.11 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd telefon əşyası üçün ümumilikdə, 536,78 manat olmaqla ondan, 487,98 manat ödənilməmiş hissə, güzəşt olunaraq 48,80 manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 974,16 manat (18 ay x 54.12 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd telefon əşyası üçün ümumilikdə, 1.071,58 manat olmaqla ondan 974,16 manat ödənilməmiş hissə, güzəşt olunaraq 97,42 manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir.
5. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 1 ədəd telefon əşyası almış və həmin əşyaya görə 18 ay müddətinə hər ay 27,11 manat olmaqla 487,98 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd telefon əşyası almış və həmin əşyaya görə 18 ay müddətinə hər ay 54,12 manat olmaqla 974,16 manat ödəməyi öhdəsinə götürmüşdür. - 09 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə qeyd edilən əşyalar və xidmətlər üçün cəmi 1.462,14 manat ödənilməmiş hissə, cəmi 146,21 manat cərimə, ümumilikdə 1.608,35 manat borcu yaranmışdır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilələr əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
8. İş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh "xxxx" MMC-dən müqavilələrdə qeyd edilən əşyaları və xidmətləri almış və onların dəyərini müqavilələr ilə müəyyən edilmiş müddətdə hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və tam icra etməmiş, nəticədə sonuncunun "xxxx" MMC-yə ümumilikdə 1.462,14 manat ödənilməmiş əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
10. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə cəmi 146,21 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
11. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
13. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Belə olan halda məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı hər bir müqavilə üzrə azaldılaraq 1 manat (cəmi 2 manat) müəyyən edilməlidir.
15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Cavabdeh 1.462,14 manat əsas, 2 manat cərimə borcu olmaqla, cəmi 1.464,14 manat borc tutularaq iddiaçıya ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən iş üzrə ödənilmiş 36,09 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Cavabdeh 1.462,14 manat əsas və 2 manat cərimə borcu olmaqla, cəmi 1.464 (bir min dörd yüz altmış dörd) manat 14 (on dörd) qəpik və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat 09 (doqquz) qəpik məbləğində pul tutularaq İddiaçınə verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov