Məhkəmə qərarları › İş №e-2(042)-1698/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1698/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1698/2025 28.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığrota müqaviləsi üzrə mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu iddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında onun xeyrinə 4977 manat borc və 69.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən X1 istifadəsində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“Rimas” mağazası) yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2024-cü il tarixində “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə AZ/090062 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır.xx.xx.2025-ci il tarixində X1 istifadəsində olan həmin qeyri-yaşayış sahəsi (“Rimas” mağazası) çoxmərtəbəli binanın yuxarı mərtəbəsində yerləşən, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış binasının 23 saylı mənzilindən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür.İş materiallarında olan 5 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (“Rimas” mağazası) yuxarı mərtəbədə yerləşən, Cavabdeh məxsus 23 saylı mənzildən su axmışdır. xx.xx.2025-ci il tarixli, 2799 nömrəli dəymiş zərərin hesabatına dair rəydən görünür ki, subasma nəticəsində qeyri-yaşayış sahəsinə (“Rimas” mağazası) 5977 manat məbləğində zərər dəymişdir.Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, Fİ-0034/2025- AKT220/25 nömrəli akta əsasən 1 000 manat azadolma məbləği çıxılmaqla, 4977 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür.Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.

5. İşdə olan sənədlərdən görünür ki, X3 istifadəsində olan qeyri-yaşayış sahəsi İddiaçı ASC-də sığortalanmış, yuxarı mərtəbədən su axması nəticəində ona 5977 manat zərər dəymişdir. İşdə olan Aktın surətindən görünür ki, zərər Cavabdeh tərəfindən vurulmuşdur. İşdə olan Sənədin surətindən görünür ki, iddiaçı tərəfindən zərəçəkmiş X2 4977 manat sığorta haqqı ödənilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı 69.77 manat dövlət rüsumu ödəmişdir.

6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 9.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

10. Beləliklə, məhkəmə araşdırması ilə edilmişdir ki, X1 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Rimas” mağazası) Cavabdeh məxsus yuxarı mərtəbədəki 23 saylı mənzildən axan su nəticəsində zərər dəymişdir. Həmin zərər İddiaçı ASC tərəfindən zərərçəkənin bank hesabına ödənilmişdir.Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh 4 977 manat borc və 69,77 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçıSC-ə ödənilməlidir.

IV. Nəticə:

11. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 4977 manat və 69.77 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5046.77 manat alınaraq, İddiaçı ASC-ə ödənilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar