Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-337/2024 04.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1008 manat məbləğində pulun, ödənilmiş 30.08 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 17.25 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 300 manat məbləğində pulun, cəmi 1355.33 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayənəsi və vəkili Nümayəndə məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, ailəsini dolandırmaq üçün ünvan 2ən “Təzə bazar” adlanan ərazidə atasına məxsus “Zeynal” marketdə ərzaq məhsullarının satışı ilə məşğul olur. Cavabdeh Gədəbəy rayonu, Qaradağ kənd sakinidir. Cavabdeh 2022-2023-cü illər ərzində müxtəlif vaxtlarda iddiaçıdan nisyə olaraq ərzaq məhsulları almış,iddiaçıya cəmi 1058 manat borcu yaranmışdır. İddiaçı ilə cavabdeh arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh borcunu 2023-cü ilin sonuna kimi qaytarmağı söz vermiş, lakin cavabdeh həmin puldan cəmi 50 manat qaytarmış, qalan 1008 manatı isə bu günə kimi qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh borcu qaytarmaqdan yayınmışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasında ona qarşı olan iddia tələbini etiraf etmiş və izahatı verərək bildirmişdir ki, o, iddiçıdan müxtəlif vaxtlarda nisyə olaraq ərzaq məhsulları almış, buna görə iddiaçıya 1058 manat borcu yaranmmışdır. O, həmin boprcdan 50 manat qaytarmış, qalan borcu isə imkanı olmadığından qayatara bilməmişdir. Hazırda uşağı xəstədir, onun müalicəsinə pul lazımdır. Lakin imkanı olmadığından uşağını mülaicə etdirə bilmir. Hazırda iddiaçıya olan borcunu bir dəfəyə qaytarmağa imkanı yoxdur. İşləyib iddiaçıya həmin pulu hissə-hissə qaytaracaqdır. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən göürnür ki, Alıyev X1 şəhəri, C.Cabbarlı küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məcəllənin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən iddiaçı müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 1058 manat dəyərində ərzaq məhsullarını nisyə olaraq satmışdır. Cavabdeh həmin puldan 50 manat qaytarsa da, qalan 1008 manat borcu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya 1008 manat borcunun olduğunu etiraf etmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 1008 manat alınaraq İddiaçı verilməlidir. İş materiallarından məlum olur ki, iddiaçıya məhkəmədə idida qaldırmaq üçün 30.08 manat dövlət rüsumu ödəmiş, nümayəndə üçün 17.25 manat, vəkil üçün 300 manat xərc çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, nümayəndə və vəkil üçün çəkilmiş xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1008 (min səkkiz) manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş 30.08 manat dövlət rüsumunun əvəzi, nümayəndə üçün çəkilmiş 17.25 manat və vəkil üçün çəkilmiş 300 manat, cəmi 347.33 manat (üç yüz qırx yeddi manat 33 qəpik) məbləğində məhkəmə xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-337/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-337/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver