Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-606/2025 07.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Quliyeva Nübar Yusif qızının katibliyi ilə, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19514 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 800,37 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 200 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 1000,37 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 manat pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19514 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1.243 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1.243 ABŞ dolları) «Aplle iphone 14 pro 256 GB» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 282 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla xx.xx.2024-cu il tarixdə 80,45 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 80,18 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyrinə faiz ödəyir. Qanunvericiliyin tələblərinə əsasəsn iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 800,37 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununlada onun hal-hazırki vaxta ödənilməmiş 800,37 ABŞ dolları məbləğində borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
7. Belə ki, mülki iş materiallarında olan; - xx.xx.2024-cü il tarixli, VİP19514 nömrəli alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən satış qiyməti 1.243 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan 1 ədəd telefon əşyası nisyə almış, cavabdeh həmin əşyaya görə 282 ABŞ dolları ilkin ödəniş etmiş və qalan məbləği isə 12 ay müddətinə hər ay 80 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 23 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19514 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 800,37 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 200 ABŞ dolları cərimə, cəmi 1000.37 ABŞ dolları borcu vardır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
8. İş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən müqavilədə qeyd edilən əşyanı almış və həmin əşyanın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və tam icra etməmiş, nəticədə sonuncunun İddiaçı MMC-yə ümumilikdə 800,37 ABŞ dolları ödənilməmiş əsas borcu yaranmışdır.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
10. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 200 ABŞ dolları cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
11. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
13. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 10 ABŞ dolları müəyyən edilməlidir.
15. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc olaraq 800,37 ABŞ dolları, cərimə olaraq 10 ABŞ dolları, cəmi 810,37 (səkkiz yüz on ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 37 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Əsas borc olaraq 800,37 ABŞ dolları, cərimə olaraq 10 ABŞ dolları, cəmi 810,37 (səkkiz yüz on ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov