Məhkəmə qərarları › İş №e-2(042)-648/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-648/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-648/2024 10.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh 26 may 2023-cü il tarixli MAS-5962 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2024-cü il tarixə 291.48 manat gecikdirilmiş əsas, 95.43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 333.12 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Peugeot 405” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2515.04 manat, ümumillikdə 3235.07 manat borc və ödənilmiş 52.36 manat dövlət rüsumunun tutularaq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 may 2023-cü il tarixli MAS-5962 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı “Peugeot 405” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahibliyi və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illk 19% mükafat məbləği hesablanmaqla 26 aylıq müddətə hər ay sabit pul məbləğ olmaqla 392.86 manat, ümumillikdə 12114 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumillikdə 12114 manatın 10220 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Peugeot 405” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 fevral 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2515.04 məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5962 saylı “Daxili Lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2024-cü il tarixə ümumillikdə 720.03 məbləğində gecikmə borcu vardır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 26 may 2023-cü il tarixli MAS-5962 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC 2020-ci il buraxılışlı “Peugeot 405” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili Cavabdeh istifadəsinə verilmişdir. İşdə olan Lizinq ödənişi cədvəlindən görünür ki, Cavabdeh 26 ay müddətinə, 19% dərəcəsi ilə 10220 manat məbləğində əsas pulu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Təhvil-Təslim Aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Peugeot 405” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İşdə olan Qüsur Aktından görünür ki, “Peugeot 405” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilə 2515.04 manat məbləğində ziyan dəymişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh 720.03 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə oln sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 14.2 və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məcəllənin 748-1.8-ci maddəsinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMC mülkiyyətində olan “Peugeot 405” minik markalı **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh təhvil vermişdir.Cavabdeh “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən illk 19% mükafat məbləği hesablanmaqla 26 aylıq müddətə hər ay sabit pul məbləğ olmaqla 392.86 manat, ümumillikdə 12114 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqaviilə üzərinə öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda avtomobilə 2515.04 manat ziyan vurmuşdur. Cavabdehin 291.48 manat gecikdirilmiş əsas, 95.43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 333.12 dəbbə pulu borcu vardır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək, cərimə məbləğinin azaldılaraq, 30 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.Ona görə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 291.48 manat gecikdirilmiş əsas, 95.43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Peugeot 405” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2515.04 manat, ümumillikdə 2931.95 manat borc və ödənilmiş 52.36 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ə verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 52.36 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Yəni, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 291.48 manat gecikdirilmiş əsas, 95.43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Peugeot 405” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2515.04 manat, ümumillikdə 2931.95 manat borc və ödənilmiş 52.36 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar