Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-705/2022 09.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 4810 manat sığorta ödənişinin, ödənilmiş 68.10 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, **-BV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H021050 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəliyiləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən H021050 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 9810 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 9710 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra məlum olmuşdur ki, zərərvuran şəxsin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4900 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 4810 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişlər. Lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, hadisə baş verən zaman günah təkcə onda yox, qarşı tərəfdə də olmuşdur. Həmin gün hava şəraiti pis olmuş və sulu qar yağmışdır. Yer sürüşkən olmuşdur. Eləcə də, “Mitsubishi Pajero” markalı avtomobilin sahibi ilə ziyanın yarısını o, yarısını isə avtomobilin sahibinin ödəməsi barədə razılığa gəlmişlər. Qarşı tərəfə sığorta tərəfindən 4900 manat pul ödənilmişdir. Lakin qarşı tərəf dediyinə əməl etməmişdir. Hazırda isə ona əsassız olaraq iddia qaldırılmışdır. Eləcə də, onun maddi vəziyyəti yaxşı deyildir. Problemləri, qayğıları həddindən artıq çoxdur. Himayəsində iki azyaşlı övladı var. Hər ay banka 391 manat məbləğində kredit ödəyir. Ailəsini saxlamaqda çətinlik çəkir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AC № 264757 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeyd edilmişdir. İşdə olan avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinə məxsus “Mitsubishi Pajero” markalı H021050 dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə, xx.xx.2020-ci il tarixdən saat 00:00-dan xx.xx.2021-ci il tarixə, saat 23:59-a kimi sığorta predmetinin dəyəri və sığorta məbləği 26500 manat məbləğində olmaqla, şərtsiz azadolma 100 manat məbləğində müəyyən edilməklə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli sığorta aktından və xx.xx.2021-ci il tarixli elektron qaimə vərqəsindən görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinə məxsus “Mitsubishi Pajero” markalı, H021050 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə Gədəbəy-Şəmkir yolunda baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində 9810 məbləğində zərər dəymişdir. Dəymiş zərər avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, TP № ******* seriyalı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Gədəbəy-Şəmkir yolunun 4-cü kmdə, “VAZ 21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Mitsubishi Pajero” markalı, H021050 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün X1 hesabına 9810 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi baş verməlidir; - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sadalanan icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biri mövcud olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ o halda yaranır ki, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olsun. Məhkəmə iclasında müəyyən edildi ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinə məxsus “Mitsubishi Pajero” markalı H021050 dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə, xx.xx.2020-ci il tarixdən saat 00:00-dan xx.xx.2021-ci il tarixə, saat 23:59-a kimi sığorta predmetinin dəyəri və sığorta məbləği 26500 manat məbləğində olmaqla, şərtsiz azadolma 100 manat məbləğində müəyyən edilməklə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, Cavabdeh idarə etdiyi **-BV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış “Mitsubishi Pajero” markalı H021050 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Yol nəqliyyat hadisəsi zamanı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinə məxsus “Mitsubishi Pajero” markalı H021050 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 9810 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, TP № ******* seriyalı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. “Mitsubishi Pajero” markalı H021050 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 9810 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh idarə etdiyi **-BV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi isə "xxxx" ASC tərəfindən sığortalandığından, “Mitsubishi Pajero” markalı H021050 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 4900 manat məbləği "xxxx" ASC tərəfindən qarşılanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, dəymiş zərərin ödənilmiş hissəsi çıxılmaqla iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 4810 manat sığorta ödənişini (100 manat azad olma məbləği çıxılmaqla) Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Eləcə də, məhkəmə Cavabdeh etiraz ərizəsində qeyd etdiyi halları onun heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 68.10 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 4810 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 68.50 manat dövlət rüsumunun əvəzi, cəmi 4878 (dörd min səkkiz yüz yetmiş səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-705/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-705/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver