Məhkəmə qərarları › İş №e-2(042)-843/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-843/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-843/2025 07.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzə mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “alq-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 ədəd telefon əşyası və digər xidmətlər üçün 517,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 51,76 manat cərimə borcu, ümumilikdə 592,92 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən1 ədəd telefon əşyası və digər xidmətlər almış və nəticədə 592,92 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 517,56 manat (yəni 12 ay x 43,13 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd telefon əşyası və digər xidmətlər üçün ümumilikdə, nəticədə 592,92 manat olmaqla ondan 517,56 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 rüsum, müştəriyə güzəşt olunaraq 51,76 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir.

5. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 1 ədəd telefon əşyası və digər xidmətlər nisyə almış və həmin əşyaya görə 12 ay müddətinə hər ay 43,13 manat olmaqla 517,56 manat ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyiini lazımi qaydada icra etmədiyi halda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə, adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. 4.5-ci bəndinə əsasən, 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödəniş edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1 ədəd telefon əşyası və digər xidmətlər üçün ümumilikdə 592,92 manat borcu yaranmışdır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasını gecikdirdiyi üçün müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

8. İş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən müqavilədə qeyd edilən əşyanı almış və həmin əşyanın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və tam icra etməmiş, nəticədə sonuncunun "xxxx" MMC-yə ümumilikdə 517,56 manat ödənilməmiş əsas borcu yaranmışdır. Həmçinin "xxxx" MMC tərəfindən Cavabdeh satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödəniş edilmişdir.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş xərclərə münasibətdə təmin edilməlidir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

10. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 51,76 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

11. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

13. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh 517,56 manat əsas, 51,76 manat cərimə borcu və 23,6 manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum olmaqla, cəmi 592,92 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Cavabdeh 517,56 manat əsas, 51,76 manat cərimə borcu və 23,6 manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum olmaqla, cəmi 592 (beş yüz doxsan iki) manat 92 (doxsan iki) qəpik və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçınə verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar