Məhkəmə qərarları › İş №e-2(042)-930/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-930/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-930/2025 10.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.731 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 37 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 16:20 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Gəncə Hərbi Məhkəməsi tərəfindən tərtib edilmiş 3-1(095)-463/2022 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.4-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki,“Hyundai Sonata” markalı, **-BR-***dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1.731 manat təşkil edir. Bununla əlaqədar olaraq,"xxxx" ASC tərəfindən iş üzrə PXA115002/22 saylı sığorta aktı tərtib edilməklə “Hyundai Sonata” markalı, 77- BR-917 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1.731 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, “VAZ 21061” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə Cavabdeh2 satmışdır. Bundan sonra Cavabdeh2 həmin avtomobillə maddi zərər vurulmasına səbəb olan yol nəqliyyatı hadisəsi törətmişdir. Bunda onun heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş edir.

5. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - xx.xx.2022-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumat vərəqindən görünür ki, “VAZ 21061” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" ASC-də sığortalanmışdır. Müqaviləyə əsasən, sığorta məbləği mlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, sağlamlığa vurulan zərərə görə bir hadisə üçün 50000 manat müəyyən edilmişdir. - PXA115002 saylı sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, sığortalanmış “VAZ 21061” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil “Hyundai Sonata” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Hyundai Sonata” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.731 manat məbləğində zərər dəymişdir. - xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai Sonata” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.731 maanat məbləğində zərər dəymişdir. - Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(095)-463/2022 saylı qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsinə görə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 1.731 manat məbləğində ödəniş edilmişdir.

9. İddiaçının (sığortaçının) mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində (1.731 manat məbləğində) subroqasiya hüququ yaranmışdır.

10. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

11. Cavabdeh2 “VAZ 21061” markalı avtomobili nəqliyyat vasitələrinin idarə etmək hüququ olmadan idarə etmişdir. O, Gəncə Hərbi Məhkəməsinin qərarı ilə İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində, yəni nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək zərər çəkən şəxsə maddi zərər vurmaqda təqsirli bilinmişdir.

12. İddiaçının subroqasiya hüququnun kimə qarşı yaranması məsələsinin düzgün həll edilməsi üçün isə ilk növbədə “VAZ 21061” markalı avtomobilin kimin mülkiyyətində olması, kimin sahibliyində olması və kim tərəfindən istismar edilməsi kimi hallar nəzərə alınmalıdır. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ona məxsus olan “VAZ 21061” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil üzrə bir sıra səlahiyyətləri (sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi) Cavabdeh2 etibar etmişdir. İddiaçının Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmamışdır.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1108.1- ci maddəsinə görə Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin maddədə “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Sığorta hadisəsi baş verərkən Cavabdeh2 avtomobilə qanuni əsasla sahiblik etmişdir. Onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmasa da avtomobilə dair adına etibarnamə olmuşdur. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs də avtomobilə sahiblik hüququ əldə edə bilər, mülki qanunvericilik avtomobilə sahiblik hüququnun yaranmasını avtomobili idarə etmək hüququndan asılı etməyib. Avtomobili idarə etmək Cavabdeh2 etibar edilərkən etibarnamədə qeyd olunmuşdur ki, sürücülük hüququ olduqda bu səlahiyyət etibar edilir, yəni idarə etmək hüququ şərtlə etibar edilmişdir. Odur ki, həmin şərtin pozulduğu, yəni idarə etmək hüququ olmadan avtomobil idarə edildiyi halda buna görə məsuliyyət etibar edənin deyil, etibar olunanın üzərinə düşür. Həmçinin nəzərə alınmalıdır ki, MM-in 1108.1ci maddəsi məsuliyyət daşıyan şəxsi müəyyən edərkən “mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxs” ifadəsindən istifadə etmişdir. Odur ki, MM-in 1108-ci maddəsi tətbiq edilərkən MM-in 159-cu maddəsinin də göstərişi nəzərə alınmalıdır. Həmin maddəyə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sığorta hadisəsi baş verərəkən avtomobil Cavabdeh2 faktiki sahibliyində olmuşdur.

14. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranması əsası göstərildikdən sonra qeyd olunmuşdur: “... bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır”.

15. Göründüyü kimi, subroqasiya hüququ Cavabdeh1 (sığortalıya) qarşı o halda yarana bilərdi ki, Cavabdeh2 həmin avtomobili sığorta hadisəsi baş verən günü (xx.xx.2022-ci il tarixində) nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyindən onun xəbəri olsun və ya xəbəri olmasa da bundan məlumatlı olmağa borclu olsun. Cavabdeh1 (sığortalı) avtomobili idarə etmək səlahiyyətini Cavabdeh2 etibar edərkən, etibarnamədə qeyd etmişdir ki, sürücülük hüququ olduqda bu səlahiyyəti etibar edir, yəni Cavabdeh1 idarə etmək hüququnu Cavabdeh2 şərtlə etibar etmişdir. Etibarnamə verildikdən (xx.xx.2022-ci il tarixindən) sonra avtomobil Cavabdeh1 sahibliyindən çıxmış, Cavabdeh2 sahibliyində olmuşdur. Odur ki, avtomobilin Cavabdeh2 sahibliyində olduğu müddətdə həmin şərtin pozulmasına, yəni idarə etmək hüququ olmadan avtomobilin idarə edilməsinə görə məsuliyyət etibar edənin deyil, etibar olunan Cavabdeh2 üzərinə düşür. Sığorta hadisəsi baş verən günü (xx.xx.2022-ci il tarixində) Cavabdeh2 avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyindən Cavabdeh1 xəbəri olduğunu təsdiq edən sübut yoxdur, o cümlədən sığorta hadisəsinin baş verməsində xeyli əvvəl avtomobil Cavabdeh1 sahibliyindən çıxdığından o, bundan məlumatlı olmağa borclu deyildi. Ona görə də Məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının subroqasiya hüququ Cavabdeh2 qarşı yaranmışdır, odur ki, 1.731 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 37 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 ödənilmiş sığorta ödənişinə görə 1.731 (bir min yeddi yüz otuz bir) manat məbləğində pul tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat məbləğində pul Cavabdeh2 tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar