Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1067/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə 11.01.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 68 manat əsas borc, 5 manat dəbbə pulu, 27.06.2020-ci il tarixində ******* nömrəli alğı-satqı müqaviləsi üzrə isə 426 manat əsas borc, 28 manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 494 manat əsas borc, 33 manat dəbbə pulu, 30 manat dövlət rüsumu məbləğini, ümumilikdə 557 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-1067/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərardadı ilə, mülki iş əmr icraatdan iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 11.01.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqaviləni tərkib hissəsi olan 1 saylı əlavə, sonradan isə 27.06.2020-ci il tarixində ******* nömrəli alğı-satqı müqaviləsi və həmin müqaviləni tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. 11.01 2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 414 (dörd yüz on dörd) manat olan 1 (bir) ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək ilə, alınan məhsulun dəyərini ödəməli idi, ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə 28.12.2021-ci it tarixə olan borcu 68 (altmış səkkiz) manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı Müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il dekabr ayının 28-nə dəbbə pulu 5 (beş) manat təşkil edir. 27.06.2020-ci il tarixində ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 609 (altı yüz doqquz) manat olan 1 (bir) ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək ilə, alınan məhsulun dəyərini ödəməli idi, ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə 09.12.2021-ci il tarixə olan borcu 426 (dörd yüz iyirmi altı) manat təşkil edir. Müqavilənin 5.4-cü maddəsinin bəndinə əsasən Alıcı Müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il dekabr ayının 9-na dəbbə pulu 28 (iyirmi səkkiz) manat təşkil edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədilə, cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştiraklarının olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən, sonuncu, aldığı “Xiaomi Redmi 8 4GB/64Gb” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 35 manat, sonuncu ay 29 manat olmaqla, cəmi 414 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında tərtib olunmuş 11.01.2020-ci il və 27.06.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinə və onların əlavəsinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. İşin materiallarına əlavə olunmuş, 16.02.2022-ci il tarixli "xxxx" MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh Maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış 11.01 2020-ci il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 28.12.2021-ci il tarixinədək olan borcu 68 manat əsas borc, 5 manat cərimə borcu, 27.06.2020-ci il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsinə əsasən 09.12.2021-ci il tarixinədək olan borcu 426 manat əsas borc, 28 manat cərimə borcu, hər iki müqavilə üzrə 09.12.2021-ci il tarixinədək olan ümumi borcu 494 manat əsas borc, 33 manat cərimə borcu olmaqla, cəmi 527 manat məbləğində "xxxx" MMC-yə borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.06.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən, sonuncu, aldığı “Samsung A315 Black 64GB” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat, sonuncu ay 41 manat olmaqla, cəmi 569 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 28.12.2021-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 33 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 494 manat əsas borc, 3 manat dəbbə pulu olmaqla, cəmi 497 (dörd yüz doxsan yeddi) manat borc pul və məhkəmə xərci qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 494 manat əsas borc, 3 manat dəbbə pulu olmaqla, cəmi 497 (dörd yüz doxsan yeddi) manat borc pul və məhkəmə xərci qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(043)-1067/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1067/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver