Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1108/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə 950,55 manat əsas borc, 542,44 manat cərimə borcu olmaqla, ümumilikdə 1492,99 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.06.2019 və 12.08.2019-cu il tarixli, GKQ7951 və GK08144 saylı nisyə alğısatqı müqaviləsinə əsasən, borcluya 1399 və 418,95 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Öhdəliyin təminatı olaraq zamin Cavabdeh2 ilə 12.08.2019cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 684 və 266,55 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 16 mart 2022-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Ərizəyə əlavə edilmiş iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2019-cu il tarixli, GK07951 və 12.08.2019-cu il tarixli, GK08144 saylı nisyə alğı-satqı müqavilələrinə və təhvil-təslim aktlarına əsasən iddiaçı cavabdehə dəyəri 418,95 manat olan “Xiaomi Mİ A2 32GB Black EU” markalı telefonu və dəyəri 1399 manat olan “Samsung” markalı soyuducunu nisyə qaydada satmış, məhsullar cavabdehə təhvil verilmişdir. Gecikdirilən məbləğə cərimə kimi gündəlik gecikdirilmiş borc məbləğinin 0,3 faizi miqdarında dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. 05.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17.06.2019-cu il tarixli müqavilə üzrə 684 manat qalıq borcu vardır, ödənişlərin 645 gün gecikdirilməsinə görə 1323,54 manat dəbbə pulu hesablanmışdır, dəbbə pulunun 30 faizi – 397,06 manat tələb edilir. 05.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 12.08.2019-cu il tarixli müqavilə üzrə 266,55 manat qalıq borcu vardır, ödənişlərin 606 gün gecikdirilməsinə görə 484,59 manat dəbbə pulu hesablanmışdır, dəbbə pulunun 30 faizi – 145,38 manat tələb edilir. İş materiallarında olan 17.06.2019-cu il tarixli GK07951-Z saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 17.06.2019-cu il tarixli, GK07951 saylı nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. 17.06.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı (Cavabdeh1) birinci ay 50 manat, hər ay 24 manat, sonuncu ay isə 117 manat məbləğində pulu 17.06.2019-cu il tarixdən 17.06.2020-ci il tarixədək 13 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 12.08.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı (Cavabdeh1) birinci ay 20 manat, hər ay 33 manat, sonuncu ay isə 35,95 manat məbləğində pulu 12.08.2019-cu il tarixdən 12.08.2020-ci il tarixədək 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehlərin müştərək məsuliyyəti istisna olunur. Belə ki, iddiaçı Cavabdeh2 həmin müqavilə üzrə də zamin olduğunu bildirsə də iddia ərizəsinə belə bir zaminlik müqaviləsi əlavə edilməmişdir. Bu da iddiaçının ona qarşı tələb hüququnu istisna edir. Tərəflər arasında 17.06.2019-cu il tarixdə nisyə alğı-satqı və zaminlik müqavilələri bağlanmış, iddiaçı bu alğı-satqı müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də cavabdehlər öhdəliklərini vaxtında icra etməmişdir. İddiaçı nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsini həm əsas borcludan, həm də zamindən tələb etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh2 17.06.2019-cu il tarixdə nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürsə də həmin zaminliyə müddətin keçməsinə görə xitam verildiyindən iddiaçı Cavabdeh2 qarşı tələb hüququna malik deyildir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliklə təmin edilmiş öhdəlik, yəni 17.06.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyin son icra müddəti 17.06.2020-ci il tarix müəyyən edilmişdir. Zaminlik müqaviləsində zaminliyin verildiyi müddət göstərilməmişdir. Belə olan halda zaminə qarşı 17.06.2020-ci il tarixdən etibarən bir il ərzində iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilən müddət iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia bütövlükdə rədd olunmalıdır. Cavabdeh1 nisyə alğı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini tam və vaxtında icra etməmişdir. Buna görə də məhkəmə Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən iddiaçının verilmiş əşyanın dəyərinin ödənilməsi ilə bağlı tələbini Cavabdeh1 münasibətdə əsaslı hesab edir. Eyni zamanda Cavabdeh1 ödənişləri uzun müddət gecikdirdiyinə görə ona hesablanmış dəbbə pulu məbləği müqavilə şərtlərinə uyğundur. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə müqavilələr üzrə qalıq borcun 50 faizindən də artıq olan dəbbə pulu məbləğinin tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 950,55 manat qalıq borca, 542,44 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 17.06.2019-cu il tarixli, GK07951 saylı müqavilə üzrə 40 manat və 12.08.2019-cu il tarixli, GK08144 saylı müqavilə üzrə isə 14 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 34,93 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 17.06.2019-cu il tarixli, GK07951 saylı müqavilə üzrə 684 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, cəmi 724 (yeddi yüz iyirmi dörd) manat; 12.08.2019-cu il tarixli, GK08144 saylı müqavilə üzrə 266,55 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu olmaqla, cəmi 280,55 (iki yüz səksən tam yüzdə əlli beş) manat, ümumilikdə 1004,55 (bir min dörd tam yüzdə əlli beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,93 (otuz dörd tam yüzdə doxsan üç) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1108/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1108/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver