Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1113/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 240 manat əsas borc, faizlər üzrə 12,27 manat borcu, 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 faizi, yəni 43,20 manat cərimə olmaqla ümumilikdə 295,47 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh- Cavabdeh ilə iddiaçı- Express TTS MMC arasında 10 may 2019-cu il tarixli 013-19 №-li alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 480 manat olan “X1 2” markalı yeni mobil telefonunu cavabdehə satmışdır. Cavabdeh həmin məbləğdən 70 manat ilkin ödəniş etmiş, qalıq borcu 410 manat təşkil etmişdir. Ödənişlər müqavilənin 1 saylı ödəniş cədvəlinə” uyğun olaraq 36 faizə vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh bu günə qədər qalıq borcdan 170 manat ödəniş etmişdir. Hal-hazırda, cavabdehin kreditora 240 manat əsas borcu, faiz üzrə 12,27 manat borcu və 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 %, yəni 43,20 manat cərimə borcu olmaqla, ümumilikdə isə 295,47 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 10.05.2019-cu il tarixli, 013-19 saylı müqavilədən görünür ki, "xxxx" MMC cavabdehə dəyəri 480 manat olan X1 2” markalı mobil telefonu ödəmələr 36 faizə vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi şərti ilə satmışdır. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10.05.2019-ci il tarixli, 013-19 saylı müqavilə üzrə 240 manat əsas borc, faizlər üzrə 12,27 manat borcu, 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 faizi, yəni 43,20 manat cərimə olmaqla, ümumilikdə 295,47 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 622.3-cü maddəsinə əsasən Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxs, cavabdeh isə şəxsi istifadə üçün mal alan fiziki şəxsdir. Buna görə də onlar arasında bağlanmış alğısatqı müqaviləsi pərakəndə alğı-satqı müqaviləsidir. Eyni zamanda alınmış əşyanın dəyərinin nisyə-qaydada və hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh əşyanın qiymətinin bir hissəsini ödəsə də 240 manat ödənişi etməmiş və ödənişin gecikdirilməsinə görə müqavilə şərtlərinə uyğun olaraq dəbbə pulu hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə uyğun olaraq əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlı olsa da əşyanın qiymətindən faizlər ödənilməsi barədə şərt Mülki Məcəllənin 622.3-cü maddəsinə zidd olduğundan müqavilənin həmin şərti etibarsızdır. Belə ki, qanunvericilikdə nisyə alğı-satqı müqaviləsində əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsinin müəyyən edilməsi nəzərdə tutulsa da (Mülki Məcəllənin 600.5ci maddəsinin sonuncu cümləsi), həmin şərtin pərakəndə alğı-satqı müqavilələrində tətbiqi istisna edilmişdir (Mülki Məcəllənin 622.3-cü maddəsi). Buna görə də məhkəmə iddia tələbinin əşyanın qiymətinin qalan hissəsi olan 240 manat pulun tutulması hissəsini əsaslı, 12,27 manat faiz tutulması hissəsini isə əsassız hesab edir. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını 90 gün gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,2 faizi ilə hesablandıqda iddiaçının 43,20 dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən 240 manat ödənilməmiş hissə, 43,20 manat dəbbə pulu olmaqla, cəmi 283,20 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10.05.2019-ci il tarixli, 013-19 saylı müqavilə üzrə 240 manat ödənilməmiş hissə, 43,20 manat dəbbə pulu olmaqla cəmi 283,40 manat (iki yüz səksən üç manat 40 qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1113/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1113/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver