Məhkəmə qərarları › İş №e-2(043)-1286/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1286/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1286/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1782,81 manat borc və 37,83 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə bağladığı 06.10.2019-cu il və 20.06.2020-ci il tarixli müqavilələrə əsasən Samsung LED TV, LG Paltaryuyan, GREE Kondisioner almışdır. Cavabdehin 06.10.2019-cu il, 20.06.2020-ci il tarixli müqavilələri 18.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1782.81 manat borc yaranmışdır. 06.10.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1054,88 manat (15 ay x 65,93 manat + 65,93 manat ilkin ödəniş) Samsung LED TV, LG Paltaryuyan üçün 929,88 manat olmaqla, ondan 845,88 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 84 manat cərimə; 20.06.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1025,46 manat olan (17 ay x 56,97 manat + 56,97 manat ilkin ödəniş) GREE Kondisioner üçün 850,93 manat olmaqla, ondan 776,93 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 76 manat cərimə miqdarında borc yaranmışdır. Digər müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 457,53 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 06.10.2019-cu il tarixli, 00961146 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 2499 manat olan əşyanı (Samsung LED TV, LG Paltaryuyan) Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 137 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan 06.10.2019-cu il tarixli, 00961146 №-li Müqavilə üzrə 18.03.2021-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilə üzrə borc məbləği restrukturizasiya olunaraq, müddət 15 ay, aylıq ödəniş 65,93 manat, son ödəmə tarixi isə 25.06.2022-ci il tarix kimi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 20.06.2020-ci il tarixli, 20362658 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1368 manat olan əşyanı (GREE Kondisioner) Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 114 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan 20.06.2020-ci il tarixli, 20362658 №-li Müqavilə üzrə 18.03.2021-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, müqavilə üzrə borc məbləği restrukturizasiya olunaraq, müddət 17 ay, aylıq ödəniş 56,97 manat, son ödəmə tarixi isə 02.09.2022-ci il tarix kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış 06.10.2019-cu il və 20.06.2020-ci il tarixli müqavilələr və həmin müqavilələr üzrə bağlanmış 18.03.2021-ci il tarixli 01 saylı əlavələr üzrə Cavabdeh cəmi 457,53 manat ödəniş etmiş, onun hal-hazırda 1782,81 manat (1622,81 manat əsas borc, 160 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 07.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr və ondan sonra bağlanmış restruktruzasiya razılaşması ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 1622,81 manat əsas borc və 160 manat cərimə olmaqla, cəmi 1782,81 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 37,83 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 06.10.2019-cu il və 20.06.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri və həmin müqavilələrə 18.03.2021-ci il tarixli 01 saylı əlavə razılaşmalar üzrə yaranmış 1622,81 manat əsas borc və 160 manat cərimə olmaqla, cəmi 1782,81 manat (min yeddi yüz səksən iki manat səksən bir) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,83 manat (otuz yeddi manat səksən üç) pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar