Məhkəmə qərarları › İş №e-2(043)-1484/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1484/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1484/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı xeyrinə 979 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1009 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış 21.05.2012-ci il tarixli, 06679 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 1812 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 151 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu 21.05.2012-ci il tarixli, 06679 saylı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə ona dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERAElectronics”-ə olan borcunu xeyli müddətdir ki ödəməmişdir. Borclu ümumilikdə 833 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda Borclunun yuxarıdakı müqavilə üzrə“əsas borcu 979 manat təşkil edir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 21.05.2012-ci il tarixli 06673 nömrəli müqavilədən görünür ki, satıcı 1812 manat dəyərindəki avadanlığı (2 ədəd Toshiba İ 3) alıcıya verməyi, alıcı isə həmin avadanlıqların dəyərini hər ay 151 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 21.05.2012-ci il tarixli 06673 nömrəli müqavilə üzrə 833 manat ödəniş etmiş, onun 979 manat borcu qalmaqdadır. İş materiallarında olan 15.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 979 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21.05.2012-ci il tarixli müqavilə üzrə yaranmış 979 (doqquz yüz yetmiş doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar