Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1515/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə üç müqavilə üzrə 766, manat ödənilməmiş hissə, 76,4 manat cərimə, cəmi 843 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2523,79 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 30.11.2020-ci il tarixli müqaviləyə əsasən sonuncunun alğısatqı qiyməti 720 manat (12 ay x 55 manat+60 manat), İMEİ kodu **********41957 olan “Samsung Galaxy A 41” markalı telefon üçün 275 manat ödənilməmiş hissə, 27 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 12.04.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 303,6 manat (12 ay x 25+3 manat), İMEİ kodu **********42031 “Samsung Galaxy A102” markalı telefon üçün 201,6 manat ödənilməmiş hissə, 20,4 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 15.04.2021-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 343,4 manat (18 ay x 18,3 manat+14 manat ilkin ödəniş), İMEİ kodu **********54839 “Samsung Galaxy A02” markalı telefon üçün 290 manat ödənilməmiş hissə, 29 manat cərimə borcu vardır. Cavabdehlə aralarında bağlanmış hər üç müqavilənin müqavilənin ayrılmaz tərkib hissəsi olan malların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 24.01.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir Cavabdehin cəmi ödədiyi məbləğ 600,4 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 30.11.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 720 manat olan “Samsung Galaxy A41” markalı telefonu 60 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 55 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.04.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 303,6 manat olan “Samsung Galaxy A02” markalı telefonu 3 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 25 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 15.04.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 343,4 manat olan “Samsung Galaxy A02” markalı telefonu nisyə qaydada almış, malın qiymətini 14 manat ilkin ödəniş edərək ayda 18,3 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.11.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 445 manat ödəmiş, 275 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 27 manat cərimə hesablanmışdır. 12.04.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 102 manat ödəmiş, 201,6 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 20,4 manat cərimə hesablanmışdır. 15.04.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 53,4 manat ödəmiş, 290 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 29 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Cavabdeh müqavilələr üzrə ödənişləri gecikdirdiyindən iddiaçının tələb etdiyi dəbbə pulu məbləğləri gecikmə müddətlərinə və müqavilənin şərtlərinə uyğundur. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən 30.11.2020-ci il tarixli müqavilə üzrə 275 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, 12.04.2021-ci il tarixli müqavilə üzrə 201,6 manat ödənilməmiş hissə, 20,4 manat dəbbə pulu 15.04.2021-ci il tarixli müqavilə üzrə 290 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu olmaqla, cəmi 843 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30.11.2020-ci il tarixli müqavilə üzrə 275 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, 12.04.2021-ci il tarixli müqavilə üzrə 201,6 manat ödənilməmiş hissə, 20,4 manat dəbbə pulu, 15.04.2021-ci il tarixli müqavilə üzrə 290 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu olmaqla, ümumilikdə 843 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1515/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1515/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver