Məhkəmə qərarları › İş №e-2(043)-1678/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1678/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1678/2022 24.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffmann Led” markalı televizor üçün 462,6 manat ödənilməmiş hissə, 139,4 manat dəbbə pulu olmaqla, cəmi 602 manat Cavabdeh və Zamin2 müştərək qaydada tutulması, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən, “Philips Fen” markalı ütü üçün 50,2 manat ödənilməmiş hissə, 27,8 manat dəbbə pulu olmaqla, cəmi 78 manat Cavabdeh və Zamin1 müştərək qaydada tutulması, ümumilikdə 680 manat borc və 30 manat dövlət ödənilmiş dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC ilə xx.xx.2019cu il tarixli və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Hoffmann Led” markalı televizor, “Philips Fen” markalı ütü almış və nəticədə 680 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1044 manat (18 ay x 58 manat + 0 manat ilkin ödəniş) “Hoffmann Led” markalı televizor üçün ümumilikdə, 602 manat olmaqla ondan, 462,6 manat ödənilməmiş hissə, 139,4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 140,4 manat (6 ay x 23,4 manat + 0 manat ilkin ödəniş) “Philips Fen” markalı ütü üçün ümumilikdə, 78 manat olmaqla ondan, 50,2 manat ödənilməmiş hissə, 27,8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 671,6 manat təşkil edir. Həmçinin xx.xx.2019-cu il tarixli müqavilənin təminatı olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin2 "xxxx" qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Həmçinin xx.xx.2020-ci il tarixli müqavilənin təminatı olaraq xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış Zamin1 "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyar və borcludur. Cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il xx.xx.2020-ei il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarında mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1044 manat olan “Hoffmann Led” markalı televizor, dəyəri 140,4 manat olan “Philips Fen” markalı ütünün dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar “Hoffmann Led” markalı televizor üçün hər ay 58 manat və “Philips Fen” markalı ütü üçün hər ay 23,4 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 00698727 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin2 ilə Cavabdeh xx.xx.2019-cu il tarixli, 00698727 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə "xxxx" MMC-qarşısında birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 20109320 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin1 ilə Cavabdeh xx.xx.2020-ci il tarixli, 20109320 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə "xxxx" MMC-qarşısında birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Hoffmann Led” markalı televizor üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1044 manat olan mal almış, əsas borc məbləğindən 462,6 manat borcunu ödəmədiyindən, həmin məbləğə 139,4 manat cərimə hesablanmış; həmçinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Philips Fen” markalı ütü üçün 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 140,4 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 50,2 manat borcunu ödəmədiyindən, həmin məbləğə 27,8 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Cavabdeh, Zamin1 və Zamin2 ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Hoffmann Led” markalı televizoru 1044 manata almış, həmin məbləğdən 581,4 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 462,6 manat əsas borcu qalmış, qalıq borca 139,4 manat dəbbə pulu hesablanmış, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Philips Fen” markalı ütünü 140,4 manata almış, həmin məbləğdən 90,2 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 50,2 manat əsas borcu qalmış, qalıq borca 27,8 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 167,2 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 512,8 manat əsas borc, 15 manat dəbbə pulu olmaqla, cəmi 527,8 manat borc pul və məhkəmə xərci qismində 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 512,8 manat ödənilməmiş əsas borc, 15 manat dəbbə pulu və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 557,8 (beş yüz əlli yedi manat səksən qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar