Məhkəmə qərarları › İş №e-2(043)-690/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-690/2022

11.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-690/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (maraqlı şəxslər) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə və 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vəsiyyətnamənin, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər (maraqlı şəxslər) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə və 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X8 tərəfindən verilən ünvan 1 ünvanında yerləşən mənzilə dair 10.03.2010-cu il tarixli vəsiyyətnamənin, həmin vəsiyyətnamə əsasında verilmiş 19.06.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik və 19.04.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilən hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, X8 ilə 21.12.1976-cı il tarixdə nikaha girmiş və həmin tarixdə də nikahlarını rəsmiləşdirmişlər. X8 2010-cu il tarixdə qəflətən vəfat etmişdir. Onlar birgə yaşadıqları dövrdə Sadıllı qəsəbəsindən ev almış və ev inşa etdirməyə başlamışlar. Əri öldükdən sonra o, uşaqları ilə həmin evdə yaşamağa başlamışdır. Aralarında hər-hansı mübahisə olmadığı üçün 2010-cu ildən bu yana evi sənədləşdirməmişlər. Daha sonra yaşı ilə əlaqədar evi rəsmilışdirmək istəmişdir. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə yaxınlaşmış ona bildirişlər ki, ərinin adına olan mənzili və bir neçə əmlakı arvadı Cavabdeh2 adına vərəsəlik şəhadətnaməsi əsasında özəlləşdirib. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 saxta nikah şəhadətnaməsi və saxta ailə tərkibi barədə arayış alaraq ərinin vərəsəsi kimi tanınmışdır. Bununla bağlı məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, e-2(043)-1967/2020 saylı qətnaməsi ilə Sarıyeva (Nəsirova) Sədaqət Nəsrəddin qızı ilə X8 arasında olan nikah etibarsız hesab olunmuşdur. Cavabdeh tərəf saxta sənədləri notariusa təqdim edərək 19.02.2014-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında və 19.06.1995-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. ünvan 1 ünvanında yerləşən mənzili və “X3” MMC-dəki 100 faiz nizamnamə kapitalını öz adlarına keçirmişlər. Sözügedən vərəsəlik şəhadətnamələri ləğv olunmalıdır. Belə ki, həmin əmlaklar birgə nikah dövründə əldə olunmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin vərəsəlik şəhadətnaməsi əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi hissəsindən imtina etdiklərindən həmin hissədə iş üzrə icraata xitam verilməsini, iddianın qalan hissədə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəf iddia tələbinin vərəsəlik şəhadətnaməsi əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi hissəsindən imtina etdiklərindən həmin hissədə iş üzrə icraata xitam verilməsini, iddianı qalan hissədə 10.03.2010-cu il tarixli vəsiyyətnamənin, həmin vəsiyyətnamə əsasında verilmiş 19.06.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik və 19.04.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsində etiraf etdiklərindən həmin hissədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 11.04.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi hissəsinə iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən (maraqlı şəxs) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 iddiaçının iddia tələbindən qismən imtina etməsinə və cavabdeh tərəfin iddia tələbini qalan hissədə qəbul etməsinə dair etirazları olmadığını bildirdi. Üçüncü şəxslərdən (maraqlı şəxs) Gəncə “ASAN xidmət”mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə isə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə üçüncü şəxslərdən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İ-JQ 392367 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında olan nikah 21.12.1976-ci il ildə qeydə alınmışdır. AZ-İ 439648 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07.09.2010-cu il tarixdə ölmüşdür. 27.06.2015-ci il tarixli 911 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 2-ci döngə, bina 1, 11 nömrəli mənzil 30.06.1994-cü il tarixdə rəsmi reyestrdə X6 adına qeydə alınmışdır. 11.11.1987-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 2-ci döngə, bina 1, 11 nömrəli mənzil mülkiyyət hüququ üzrə rəsmi reyestrdə X6 adına qeydə alınmışdır. 10.03.2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X2 şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 2-ci döngə, bina 1, mənzil 11 ünvanında yerləşən mənzili Cavabdeh1 vəsiyyət etmişdir. 19.06.2015-ci il tarixli, 2V-499 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 bütövlüklə irs almışdır. 19.02.2014-cü il tarixli, 2V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 məxsus olan “X3” MMC-dəki 100 faiz nizamnamə kapitalından Cavabdeh1 və X1 bərabər paylarla irs almışlar. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, e-2(043)- 1967/2020 saylı qətnaməsindən görünür ki, Sarıyeva (Nəsirova) Sədaqət Nəsrəddin qızı ilə X8 arasında Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsində 13.09.1995-ci il tarixdə 451 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilmişdir. Əqdlərin etibarsızlığından bəhs edən MM-in 337-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya qanunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (MM mad.337.1, 338 və 339). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddanın etiraf edilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddia təmin olunmalı, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 2-ci döngə, bina 1, 11 nömrəli mənzilə dair X8 tərəfindən verilmiş 10 mart 2010-cu il tarixli vəsiyyətnamə, həmin vəsiyyətnamə əsasında verilmiş 19 iyun 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 19 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 2-ci döngə, bina 1, 11 nömrəli mənzilə dair X8 tərəfindən verilmiş 10 mart 2010-cu il tarixli vəsiyyətnamə, həmin vəsiyyətnamə əsasında verilmiş 19 iyun 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 19 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar