Məhkəmə qərarları › İş №e-2(043)-766/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-766/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-766/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə PRG000075 saylı 21.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 920 manat borc, 138 manat cərimə, 30.58 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 1088,98 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Cavabdeh ilə bağladığı PRG000075 saylı 21.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1020 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə X4 arasında imzalanan faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş sazişə əsasən Cavabdehə qarşı olan 1020 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18.11.2020-ci tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5%-i miqdarında dəbbə pulu ödəməlidir. Borcun ödənilməsi üçün cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Belə ki, cavabdeh sonuncu dəfə 01.09.2021-ci ildə ödəniş etmişdir. Cavabdehin bu günə 920 manat əsas borcu, 138 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 04 iyun 2020-ci il tarixli R-536/20 saylı faktorinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Faktor (“Ferrum Kapital MMC”) borclu barəsində Müştərinin (X4) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), Müştəri isə borcluya qarşı pul tələbini Faktora güzəşt edir. Həmin müqaviləyə əlavə olunmuş 09 mart 2021-ci il tarixli R-536/20-0015 saylı Sazişə əsasən X2 Cavabdeh 21.06.2021-ci il tarixli, PRG000075 saylı müqavilədən irəli gələn tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan Cavabdeh ilə X4 arasında bağlanmış 21.06.2021-ci il tarixli, PRG000075 saylı müqavilədən və təhvil-təslim aktından məlum olur ki, Cavabdeh X1 aldığı, qiyməti 1020 manat olan malın dəyərini müqavilənin 1 saylı əlavəsində yer alan ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsində olan ödəniş cədvəlinə əsasən malın qiymətinin nisyə məbləği olan 920 manat pulun 27.07.2021-ci il tarixdən 21.06.2021-ci il tarixədək 12 ay müddətində hər ayın 21-i tarixində 85 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh X3 onunla bağladığı 21.06.2021-ci il tarixli, PRG000075 saylı müqavilədən irəli gələn pul tələbinin hamısını İddiaçı QSC-yə güzəşt etməsi və ödənişlərin həyata keçirilməsi qaydası barədə məlumat vermişdir. İddiaçı QSC-nin 01 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.06.2021-ci il tarixli, PRG000075 saylı müqavilə üzrə 920 manat borc, 138 manat cərimə borcu olmaqla, cəmi 1058 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə (dəbbə pulu) tələbi də əsaslıdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 138 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 5 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30.58 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 920 manat borc, 5 manat cərimə pulu, 30.98 manat məhkəmə xərcləri olmaqla, cəmi 955,98 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21.06.2021-ci il tarixli, PRG000075 saylı müqavilə üzrə 920 manat əsas borc, 5 manat cərimə pulu, 30.98 manat məhkəmə xərcləri olmaqla, cəmi 955,98 (doqquz yüz əlli beş manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar