Məhkəmə qərarları › İş №e-2(044)-991/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-991/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-991/2022 05.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia qaldıraraq, Cavabdeh iddiaçı Express-TTS MMC-nin xeyrinə 386,00 AZN əsas borc, faizlər üzrə 00,00 AZN borcu, 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 %, yəni 69,48 AZN cərimə borcu, ümumilikdə isə 455,48 AZN borcun və ödənilmiş 30,00 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Express-TTS MMC arasında 26 sentyabr 2015-ci il tarixdə 407-15 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 1000,00 AZN olan Samsung S6 Edge markalı yeni mobil telefonunu cavabdehə satmışdır. Müqavilə üzrə ödənişlər müqavilənin 1 saylı əlavəsinə “Ödəniş cədvəlinə” uyğun olaraq 36 % vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh bu günə qədər əsas borcdan 614,00 AZN, faizlər üzrə borcundan isə 237,00 AZN ödəniş etmişdir. Hal-hazırda, 15.02.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kreditora 386,00 AZN əsas borcu, 00,00 AZN faiz borcu və müqaviləyə əsasən 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 %, yəni 69,48 AZN cərimə borcu, ümumilikdə isə 455,48 AZN borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirməsi və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də o, hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, bir müddət ödənişlər etdikdən sonra maddi imkanı aşağı olduğundan qalıq borcu ödəyə bilməmişlər. Borcun qalan hissəsini yalnız hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunmasını, iddia tələbinin cərimə hissəsində ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 26.09.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 1000,00 AZN olan Samsung S6 Edge markalı yeni mobil telefon almış və ödəmələrin 36 % vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 26 sentyabr 2015-ci il tarixli 407-15 №-li alqı-satqı müqaviləsinə əsasən 386,00 AZN əsas borcun, faizlər üzrə 00,00 AZN borcu, 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 %, yəni 69,48 AZN cərimə borcunu, ümumilikdə isə 455,48 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 26 sentyabr 2015-ci il tarixli 407-15 №-li alqı-satqı müqaviləsinin əlavə ödəniş cədvəlinə əsasən alıcı 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 %-i məbləğində cərimə ödəyir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 26 sentyabr 2015-ci il tarixli 407-15 №-li alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1000,00 AZN olan Samsung S6 Edge markalı yeni mobil telefon almış, lakin alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 26 sentyabr 2015-ci il tarixli 407-15 №-li alqı-satqı müqaviləsinə əsasən 386,00 AZN əsas borc, faizlər üzrə 00,00 AZN borcu, 10 AZN cərimə borcu, ümumilikdə 396,00 AZN borc və ödənilmiş 30,00 AZN məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 26 sentyabr 2015-ci il tarixli 407-15 №-li alqı-satqı müqaviləsinə əsasən 386,00 AZN əsas borc, faizlər üzrə 00,00 AZN borcu, 10 AZN cərimə borcu, ümumilikdə 396,00 AZN borc və ödənilmiş 30,00 AZN məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar