Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1043/2024 06.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ev 96 və Goranboy rayonu Qızılhacılı kəndin yerləşən 2,47 ha torpaq sahəsinə vəsiyyət üzrə vərəsə tanınması və miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ev 96 və Qoranboy rayonu Qızılhacılı kəndində yerləşən 2.47 ha torpaq sahəsinin 1/6 hissəsi məhrum atası X5 mülkiyətində olmuşdur. Atası 29 avqust 2023-cü il tarixində vəfat etmişdir. O vəfat etməmişdən əvvəl həmin mülkləri ona vəsiyyət etmişdir. Həmin miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üşün o 1 saylı Gəncə Reqional “ASAN XİDMƏT” mərkəzində yerləşən notariat ofisinə müraciət etsə də, digər vərəsələrlə arasında mübahisə olması səbəbi ilə ona imtina edilmişdir. Ona görə də atasından qalmış miras əmlaka payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən hazırkı iş üzrə miras qoyan X5 ailə tərkibi haqqında qeydiyyat şöbəsi tərəfindən verilən arayış təqdim edilmişdir. Qeyd etmək istəyir ki, həmin arayışda cavabdehlər ilə yanaşı X1 adı da göstərilsə də, sonuncu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bununla bağlı müvafiq ölüm haqqında şəhadətnamə mülki işin elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda qeyd etmək istərdi ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında o, iddia tələbi ilə bağlı mövqeyini bildirmişdir. Hazırda da həmin mövqedə qalaraq onun iştirakı olmadan məhkəmə prossesinin keçiriməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə baxış iclaslarında iştirak etməmişlər, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 796, Kod 50904016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 2.47 hektar torpaq sahəsi Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri X5, X1, X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 41.4 kv/m fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir; xx.xx.2019-cu il tarixli, 2V-103 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, Goranboy rayonu, A. Ağcakənd qəsəbəsi ünvanında qeydiyyatda olan X7 ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 422053 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 034767 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə “kardioskleroz” səbəbindən ölmüşdür; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 034768 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə “şəkərli diabet” səbəbindən ölmüşdür; 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 555 nömrəli məktubundan görünür ki, mirasın qəbuluna dair digər vərəsələrlə razılığa bilmədiyindən və mirasın qəbul müddəti ötürüldüyündən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə miras əmlaka dair vərəsələrin dairəsini və miras qalmış əmlakları araşdıraraq qeyd edir ki, miras qoyan X5 öldüyü məqamədək onun adına birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən JN-796, KOD 50904016 "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən 2,47 ha torpaq sahəsi və tam mülkiyyət hüququ əsasında qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2019-cu il Çıxarışa əsasən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 96 nömrəli fərdi yaşayış evi mövcud olmuşdur. İddiaçı və cavabdehlər miras qoyan X5 yeganə vərəsələri olmaqla, qanun üzrə birinci növbəli vərəsələr (övladları) kimi miras əmlaklardan pay almaq hüquqları vardır. İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X7 xx.xx.2019-cu il tarixdə ölən günədək ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını övladı İddiaçı notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə vəsiyyət etmiş və məhkəmə tərəfindən həmin vəsiyyətnamənin etibarsızlığına dair hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının mərhum X2 miras qalmış əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ mövcud olmaqla yanaşı, cavabdehlərin də sözügedən miras qalmış əmlaklarda məcburi pay hüququ yaranmışdır. İddiaçı vəsiyyət üzrə vərəsə kimi vəsiyyət edilmiş əmlaklardan miras payının verilməsi haqqında ərizə ilə notariat ofisinə müraciət etmiş, lakin tərəflər arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğuna və mirasın qəbul müddəti ötürüldüyünə görə notariat ofisi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1246 və 1291-ci maddələrinə istinad edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Mülki Məcəllənin: 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; 1167-cı maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər; 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göründüyü kimi miras fiziki şəxsin ölməsi ilə açılır. Mirasın qəbulu dedikdə, elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır. Hazırda tərəflər arasında miras qalmış əmlakın bölüşdürülməsinə dair mübahisə olduğuna görə, məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında mübahisə məhkəmə qaydasında müəyyən edilməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarını və iş üzrə sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum X2 miras qalmış Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi 96 nömrəli fərdi yaşayış ev və Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 2,47 ha torpaq sahəsinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalı və həmin əmlaklar üzərində miras payı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mərhum X2 miras qalmış Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi 96 nömrəli fərdi yaşayış ev və Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 2,47 ha torpaq sahəsinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın və həmin əmlaklar üzərində miras payı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(045)-1043/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1043/2024
06.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver