Məhkəmə qərarları › İş №e-2(045)-1118/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1118/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1118/2025 07.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3715,00 (üç min yeddi yüz on beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 57,00 (əlli yeddi) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:00-da Lənkaran rayonunu Aşağı Nüvədi küçəsində “Mersedes Benz E220” minik markalı, **-FJ-*** avtomobillə “Toyoto Corolla” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir; “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. AvtoBox avtomobil servisi tərəfindən verilmiş 2945 nömrəli, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyoto Corolla” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yekun qiyməti 3715 manat müəyyən edilmişdir; Sığorta aktından görünür ki, 3715 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən faydalanan şəxs kimi X1 ödənilmişdir; **********11 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzdən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 57 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hakim iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00-da Lənkaran rayonunu Aşağı Nüvədi küçəsində “Mersedes Benz E 220” minik markalı, **-FJ-*** avtomobillə “Toyoto Corolla” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddələrinə uyğun olaraq müvafiq protokol tərtib olunaraq “İnzibati tənbeh vermə” haqqında xx.xx.2022-ci il tarixli qərarla 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Toyoto Corolla” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 3715 manat dəyərində qiymətləndirilmiş, sığortaçı «Xalq Sığorta” ASC mülki məsuliyyətin icbari sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxsə ödəmişdir. İnzibati xətanı törətmiş Cavabdeh hadisə yerindən yayınması nəticəsində sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə vurulmuş zərərə görə ödənilmiş 3715 manat məbləğində sığorta ödənişi və 57 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 210-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə vurulmuş zərərə görə ödənilmiş 3715 manat məbləğində sığorta ödənişi və 57 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar