Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1175/2025 02.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 815,00 (səkkiz yüz on beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 13:00 radələrində Goranboy rayonu ərazisində Cavabdeh1 məxsus, Allahverdi Xalid oğlu tərəfindən idarə olunan və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21074” markalı, 22- BM-482 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Goranboy Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş 3(045)-367/2022 saylı inzibati xəta haqqında qərara əsasən Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktında göstərilmişdir ki, “VAZ 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1630,00 (bir min altı yüz otuz) manat təşkil edir. “İcbari Sığortalar haqqında Qanunun” 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatna və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsində təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA110269/22 saylı sığorta aktları tərtib edilməklə proporsionallıq nəzərə alınmaqla, zərərçəkənə dəymiş zərərə görə 815,00 (səkkiz yüz on beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, istifadə hüququ isə Cavabdeh2 verilmiş və sonuncunun razılığı ilə Cavabdeh3 sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclaslarına gəlməmişdlərdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: PXA110269 nömrəli sığorta aktından görünür ki, “VAZ 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi zərəri 1630 (bir min altı yüz) manat olmaqla, zərərçəkmiş X3 ödəniləsi sığorta ödənişinin yekun məbləği 815 manat məbləğində müəyyən edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 4984 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, PXA110269 nömrəli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X3 815 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; PXA********** saylı icbari sığorta müqaviləsindən görünür ki, sığortalı Cavabdeh2 sahibliyində olan “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiiyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək sığortalanmışdır; Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(045)-367/2022 saylı qərarından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilənərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; AE seriyalı, 073873 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur; ƏN-Vİİ № 926151 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh1 “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi Cavabdeh2 xx.xx.2022-ci il tarixədək etibar etmişdir; X2 **********25 nömrəli, xx.xx.2025-ci il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC hazırkı tələb üzrə 30 manat məbləğində rüsum ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məxsus və etibarnamə əsasında Cavabdeh2 sahibliyinə və idarə etməsinə verilmiş, lakin onun tərəfindən qanuni əsas olmadan sürücülük hüququ olmayan Cavabdeh3 sahibliyinə verilmiş “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncu tərəfindən idarə olunarkən Goranboy rayonu ərazisində yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə Cavabdeh3 İXM-in 332.4cü maddəsinə əsasən təqsirli bilinərək, Goranboy Rayon Məhkəməsinin qərarı ilə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Hadisə nəticəsində sığorta ödənişlərinin yekun məbləği 815 manat dəyərində müəyyən edilmişdir. “VAZ 21061” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalı olmasına baxmayaraq, hadisə zamanı onu idarə edən Cavabdeh3 sürücülük hüququnun olmaması səbəbindən sığorta ödənişi ödəmiş iddiaçı "xxxx" ASC-nin sığorta ödənişini subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə yuxarıda göstərilən iş materialları və hüquq normalarına əsaslanaraq, qeyd edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməli və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 törədilmiş mülki hüquq pozuntusuna görə birgə mülki hüquq məsuliyyəti daşımalıdır. Belə ki, Cavabdeh1 qəzaya səbəb olmuş “VAZ 21061” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin (yüksək təhlükə mənbəyi) mülkiyyətçisi olsa da, həmin avtomobil qanuni əsasla, yəni “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnaməyə əsasən digər cavabdeh X1 qanuni sahibliyinə verilmiş və özünün hüquqazidd hərəkətləri nəticəsində sözügedən avtomobili sürücülük hüququ olmayan digər Cavabdeh3 qanunsuz sahibliyinə və idarə etməsinə verilmişdir. Odur ki, Cavabdeh1 təqsirli və hüquqa zidd əməli olmadığına görə tələb olunan ödənilmiş sığorta ödənişinin əvəzi yalnız digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəməni gəldiyi nəticəyə görə iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 815 (səkkiz yüz on beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 815 (səkkiz yüz on beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1175/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1175/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver