Məhkəmə qərarları › İş №e-2(045)-1378/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1378/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1378/2024 30.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********93142 İPHONE 15 PRO MAX markalı telefon və APPLE ADAPTER üçün 4764 (dörd min yeddi yüz altmş dörd) manat ödənilməmiş hissə, 715 (yeddi yüz on beş) manat dəbbə, ümumilikdə 5479 manat borc və 74.79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********93142 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə 5479 (beş min dörd yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5263.99 (beş min iki yüz altmış üç manat doxsan doqquz qəpik) manat (yəni 12 ay x 397 manat + 499.99 manat ilkin ödəniş) olan İMEİ KOD **********93142 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 5479 (beş min dörd yüz yetmiş doqquz) manat olmaqla ondan 4764 (dörd min yeddi yüz altmş dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 715 (yeddi yüz on beş) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 499.99 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməkləri mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddianı müdаfiə еtdiklərini və qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan İPHONE 15 PRO MAX markalı, İMEİ kodu **********93142 kodlu və APPLE ADAPTER USB-nin qiyməti 5263,94 manat müəyyən edilmiş, Cavabdeh həmin əşyanı təhvil almışdır. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 12 ay ərzində, ayda 397 manat (12 ay x 397 manat + 499.99 manat ilkin ödəniş), olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Cavabdeh İPHONE 15 PRO MAX markalı, İMEİ kodu **********93142 kodlu telefonu və APPLE USB Adapteri qüsursuz halda qəbul etmişdir; 05 iyul 2024-cü il tarixli “Maliyyə və Ödəniş Cədvəli”nə uyğun olaraq Cavabdehnın "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********93142 İPHONE 15 PRO MAX markalı telefon və APPLE USB Adapteri üçün 4764 (dörd min yeddi yüz altmş dörd) manat ödənilməmiş hissə, 715 (yeddi yüz on beş) manat dəbbə, ümumilikdə 5479 manat cərimə miqdarında borc, ümumilikdə 5479 manat borcu vardır; xx.xx.2024-cü il tarixli 62267426 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 74,79 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında təqdiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan əşyalar sonuncuya təhvil verilmiş, Cavabdeh müqavilədə göstərilmiş qaydada borcun ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə "xxxx" MMC-yə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Göründüyü kimi cavabdeh bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddia tələbinin əsas borcun ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, tələb bu hissədə təmin edilməli və Cavabdeh "xxxx" MMC-nin xeyrinə 4764 (dörd min yeddi yüz altmş dörd) manat məbləğində ödənilməmiş əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 715 manat məbləğində dəbbə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və MM-nin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 74.79 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 68.14 manat məbləğində müəyyən edilməli və qalıq 6.65 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 4764 (dörd min yeddi yüz altmş dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 4814 manat borc pul və ödənilmiş 68,14 manat miqdarında dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 4764 (dörd min yeddi yüz altmş dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 4814 manat borc pul və ödənilmiş 68,14 manat miqdarında dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar