Məhkəmə qərarları › İş №e-2(045)-2172/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2172/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2172/2025 13.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 172,70 manat əsas borc və 50,40 manat cərimə borcu olmaqla, cəmi 223,10 (İki yüziyirmi üç manat 10 qəpik) manat borcun, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 505,99 manat əsas borc və 57,62 manat cərimə borcu olmaqla, cəmi 563,61 (Beş yüzaltmış üç manat 61 qəpik) manat borc olmaqla ümumilikdə isə 786,71 (Yeddi yüz səksən altımanat 71 qəpik) manat borcun habelə 30,00 (Otuz manat 00 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq Cash Finance MMC-ə ödənilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alğı-satqı müqaviləsi və əlavəsindən görünür ki, Cavabdeh 207,7 manat dəyərində olan geyimləri 6 ay müddətinə aylıq 35 manat ödəmək şərti ilə satıcı X1 nisyə almışdır; xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alğı-satqı müqaviləsi və əlavəsindən görünür ki, Cavabdeh qızı 505,99 manat dəyərində olan Honor X4C 6/128GB Green və Qızıl zəmanət rəqəmsal 12 ay müddətinə aylıq 43 manat ödəmək şərti ilə satıcı "xxxx" MMC nisyə almışdır; S-********** nömrəli xx.xx.2025-ci il tarixli Faktorinq müqaviləsindən görünür ki, satıcı X2 tərəfindən Cavabdeh qarşı pul tələbi İddiaçı MMC-yə, yəni faktora güzəşt edilmişdir; S-********** nömrəli xx.xx.2024-cü il tarixli Faktorinq müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən Cavabdeh qarşı pul tələbi İddiaçı MMC-yə, yəni faktora güzəşt edilmişdir; xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2025-ci il tarixli, ********** saylı və xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilələri üzrə Cavabdeh ödənilməmiş 678,69 AZN borcun, 108,02 AZN cərimə borcu olmaqla, cəmi 786,71 manat borcu yaranmışdır; xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 467.5-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin 108.02 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 678,69 AZN əsas borc, 10 AZN cərimə borcu olmaqla, cəmi 688,69 manat borc pul, ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 214-220, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 678,69 AZN əsas borc, 10 AZN cərimə borcu olmaqla, cəmi 688,69 manat borc pul, ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar