Məhkəmə qərarları › İş №e-2(045)-2184/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2184/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2184/2023 06.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SAMSUNG QE65Q80AAUXRU Tv, Paltaryuyan LG, Soyuducu LG üçün 5530,57 (beş min beş yüz otuz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 993,43 (doqquz yüz doxsan üç manat, qırx üç qəpik) manat dəbbə borcu, ümumilikdə, 6524 manat borc və 85,24 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG QE65Q80AAUXRU TV, PALTARYUYAN LG, SOYUDUCU LG almış və nəticədə 6524 (altı min beş yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 7061,77 (yeddi min altmış bir manat, yetmiş yeddi qəpik) manat (yəni 18 ay x 331,21 manat + 1099,99 manat ilkin ödəniş) SAMSUNG QE65Q80AAUXRU TV, PALTARYUYAN LG, SOYUDUCU LG üçün ümumilikdə, 6524 (altı min beş yüz iyirmi dörd) manat olmaqla ondan 5530,57 (beş min beş yüz otuz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 993,43 (doqquz yüz doxsan üç manat, qırx üç qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1531,2 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" MMC teleqram ilə məhkəməyə mürаciət еdərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştiraklarının mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını, iddianı müdаfiə еtdiklərini və qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan SAMSUNG markalı, QE65Q80AAUXRU TV, LG markalı Paltaryuyan və LG markalı Soyuducunun qiyməti 7061.78 manat müəyyən edilmiş, Cavabdeh həmin əşyaları təhvil almışdır. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində, ayda 331,21 manat (18 ay x 331,21 manat + 1099,99 manat ilkin ödəniş), olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il bildirişdən görünür ki, SAMSUNG markalı, QE65Q80AAUXRU TV, LG markalı Paltaryuyan və LG markalı Soyuducunu qüsursuz halda qəbul etmişdir; xx.xx.2023-cü il tarixli “Maliyyə və Ödəniş Cədvəli”nə uyğun olaraq Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG QE65Q80AAUXRU Tv, Paltaryuyan LG, Soyuducu LG üçün 5530,57 (beş min beş yüz otuz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 993,43 (doqquz yüz doxsan üç manat, qırx üç qəpik) manat dəbbə borcu, ümumilikdə, 6524 manat borcu vardır; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 85,24 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında təqdiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilələrinin predmeti olan əşyalar sonuncuya təhvil verilmiş, Cavabdeh müqavilədə göstərilmiş qaydada borcun ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə "xxxx" MMC-yə borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin 993,43 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 55 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 85,24 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 75,85 manat məbləğində müəyyən edilməli və qalıq 9,39 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5530,57 (beş min beş yüz otuz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 5585,57 manat borc pul və 75,85 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5530,57 (beş min beş yüz otuz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 5585,57 manat borc pul və 75,85 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar