Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1066/2023 31.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Azərbaycan Sənaye Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı Azərbaycan Sənaye Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2470 manat maddi ziyanın, xəsarətlərə görə ödənilmiş 1500 manat olmaqla, ümumilikdə 3970 manat sığorta ödənişinin, ödənilmiş 59,70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “VAZ 21063” markalı, 23BM936 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 17:50 radələrində həmin avtomobili Göyçay rayonu Cəyirli kəndi ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “VAZ 21063” markalı 90ET923 dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Göyçay RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Göyçay RPŞ DYPB-nin İTÜBİ polis baş leytenantı X6 xx.xx.2021-ci il tarixli, AP ******* saylı İnzibati xəta haqqında Protokolu, həmçinin, Göyçay rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X9 xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, 2021-ci ilin 29 may tarixində saat 17:50 dəqiqədə Göyçay rayonu, Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Vaz 21063” markalı, 90ET923 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 2470 manat məbləğində müəyyən edilmişdir. Bundan öncə cavabdehə zərər məbləğinin qiymətləndirilməsində iştirak etmək üçün servis mərkəzinə yaxınlaşmalı olması, gəlmədiyi və hərəkətsizlik edəcəyi təqdirdə susmasının zərər məbləği ilə razılaşması kimi qəbul ediləcəyi izah olunmuşdur. Bundan əlavə hadisə nəticəsində xəsarət almış X2 və X4 hər birinə 750 manat məbləğində sığorta ödənişi olunmuşdur. Bu ödənişlər xx.xx.2021-ci il tarixli İ-1238/21 saylı, xx.xx.2021-ci il tarixli İ-1239/21 və İ-1239/21/1 saylı sığorta ödənişi aktlarında və onlar əsasında verilmiş 24082021-9300-119, 24082021-9300-123 və 24082021-9300-114 saylı ödəniş tapşırıqlarında öz əksini tapmış və faydalanan şəxslərin bank hesabına köçürülmüşdür. Faydalanan şəxslərə ödənilmiş 3970 manat məbləğ cavabdeh tərəfindən qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli, 22/223 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı Azərbaycan Sənaye Sığorta ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Elməddin Rəhimov məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün sayılmışdır. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş Dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, baş vermiş yol-nəqliyyat hasdisəsi zamanı “VAZ 21063” markalı, 23BM936 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2470 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 17:50 radələrində həmin avtomobili Göyçay rayonu Cəyirli kəndi ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “VAZ 21063” markalı 90ET923 dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobilə maddi ziyan dəymişdir. Avtomobildə olan sərnişinlər X2 və X10 yüngül xəsarətlər almışlar. Cavabdeh əməlində cinayət hadisəsinin tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, həmçinin Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.2-ci maddələrinin tərkibi olduğundan Göyçay RPŞ-nin DYPB-nə qərarın surəti göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktlarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 və X10 dəymiş ziyana görə hər birinə 750 manat, “VAZ 21063” markalı 90ET923 dövlət dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyana görə 2470 manat maddi ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, X2 və X10 dəymiş ziyana görə hər birinə 750 manat, “VAZ 21063” markalı 90ET923 dövlət dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyana görə 2470 manat maddi ziyan Azərbaycan Sənaye Sığorta ASC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla,sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: xx.xx.2021 il tarixdə saat 17 radələrində Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində «VAZ 21063» markalı 90ET923 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymiş və avtomobili idarə edən X3 və sərnişin X11 yüngül xəsarətlər almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İXM-nin 332.2-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. «VAZ 21063» markalı 90ET923 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 2470 manat ziyan və avtomobili idarə edən X3 və sərnişin X1 dəymiş ziyanla bağlı hər birinə 750 manat maddi ziyan Azərbaycan Sənaye Sığorta ASC tərəfindən ödənilmişdir. Həmin avtomobilə və avtomobildə olan sərnişinlərə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Bununla da zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 3970 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh üzərinə qoyulmalı, bununla da iddia təmin edilməli,məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2470 manat maddi ziyanın, xəsarətlərə görə ödənilmiş 1500 manat olmaqla, ümumilikdə 3970 manat sığorta ödənişinin, ödənilmiş 59,70 manat dövlət rüsumu alınaraq iddiaçı Azərbaycan Sənaye Sığorta ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1066/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1066/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver