Məhkəmə qərarları › İş №e-2(046)-1084/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1084/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1084/2024 11.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Rəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən X1 ölümü ilə bağlı ödənilmiş 5000 (beş min) manat pul vəsaitinin və 70 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-cü il tarixli PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "Hyundai Elantra" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığorta təminatı almışdır. xx.xx.2022-cİ il tarixində Cavabdeh1 etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi Cavabdeh3 MMC-nə məxsus olub, Cavabdeh2 müqavilə ilə icarəyə verilmiş "Hyundai Elantra" minik markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Lənkəran-Boradigah avtomobil yolunun Boradigah qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürət həddini aşaraq idarə etməni itirərək Avtomobil yoldan çıxaraq ağaca dəyib aşmış və ehtiyatsızlıqdan X1 avtomobilldə zədələnməsi nəticəsində onun çoxsaylı bədən xəsarətləri alaraq ölmünə səbəb olmuşdur. Lənkəran ağır cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-431/2022 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinimiş və sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. X1 ölümü ilə bağlı 5000 (beş min) manat məbləğində sığorta ödənişi faydalanan şəxs X2 verilmişdir Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Pеnitеnsiаr Хidmətinin 2 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Cavabdeh1 təqdim olunması üçün iddia ərizəsinin surəti göndərilmiş, Cavabdeh1 məhkəməyə ərizə göndərərək hal-hazırda cəza çəkdiyini, cəzaçəkmə müəsissəsində işləmədiyini və heç bir gəlirinin olmadığını göstərmiş, iddiaçı "xxxx" ASC-nin tələbinə münasibətdə cəzanı çəkib qurtardıqdan sonra işləyib tələb olunan pulu hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 məhkəmə iclasına gəlməmişl gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh3 MMC-nin ünvanına məhkəmə bildirişi həmin ünvandan köçməsi qeydi ilə geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materillarında olan İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması barədə çıxarışdan görünür ki, "Hyundai Elantra" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən vaxtı, yəni xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-də sığortalı olmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 1(099)- 431/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "xxxx" ASC-nin sığorta aktından görünür ki, vəfat etmiş X4 ölümünə görə 5000 manat təşkil edən sığorta ödənişi həyata keçirilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 17 iyul 2021-cü il tarixli məktubundan görünür ki, Cavabdeh3 MMC xx.xx.2011-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb və rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2056-cı il tarixədək dayandırılıb. Cavabdeh3 MMC tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli 186 saylı yol vərəqəsinin surətindən görünür ki, "Hyundai Elantra" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilməsi üçün 03 mart 2022-ci il tarixdə saat 10:00-da Cavabdeh2 yol vərəqəsi verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 5.000 manat sığorta ödənişi edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 13 mart 2022-ci il tarixdə saat 20 radələrində "xxxx" MMC-yə məxsus olub tanışı Cavabdeh2 tərəfindən müqavilə ilə icarəyə götürülmüş “Hyundai Elantra” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, avtomobilin ön sağ oturacağında əyləşmiş zərərçəkmiş şəxs X6 aldığı xəsarətlərdən vafat etmişdir. Salahlı X5 Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 1(099)-431/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə zamanı vəfat etmiş şəxs X9 oğlunun varisinə, ağır xəsarətə görə sığortaçı "xxxx" ASC-i tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran şəxs Cavabdeh1 qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh1 törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 5000 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Bu isə o deməkdir ki, hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh1dur. Buna baxmayaraq iddiaçı "xxxx" ASC-i iddia tələbini həmçinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı da irəli sürmüşdür. Halbuki iş üzrə tədqiq edilmiş sübutlardan digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-i Cavabdeh1 ilə nə birgə (solitar), nədə ki, əlavə (subsidiar) məsuliyyətinin olması müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alıb,məhkəmə hesab edir ki, verilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərər vuran Cavabdeh1 üzərinə qoyulmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə təmin edilməlidir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı yönəldilmiş tələb məhkəmə hesab edir ki, təmin olunmamalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 5.000 (beş min) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASC-nə verilməli, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 5.000 (beş min) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-nə qarşı olan iddia təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh1 aid edilsin. Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar