Məhkəmə qərarları › İş №e-2(046)-1326/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1326/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1326/2025 04.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin xx.xx.2022-ci il tarixli, GMK06338 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1166 manat 99 qəpik borc, 32 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış GMK06338 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1699.99 manat dəyərində nisyə aldığı mala görə 300 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1399.99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC Zamin arasında bağlanmış GMK06338-Z saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı olan 1399.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Müqavilə və onun tərkib hissəsi olan Əlavə 1 hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qəbul edilməsinə dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0190 sazişdən görünür ki, Cavabdeh qarşı olan borca tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Müqavilə və onun tərkib hissəsi olan Saziş hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Pul tələbinin İddiaçı QSC-nə güzəşt edilməsi barədə Cavabdeh bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, GMK06338 saylı nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1166 manat 99 qəpik borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə arayışı tərtib olunmuşdur. ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 32 manat dövlət rüsumu ödənilmiş və 0,40 manat məbləğində bank tərəfindən xidmət haqqı tutulmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə əsaəsn müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, GMK06338 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Satıcı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək əşyanı Cavabdeh təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin nisyə alqı-satqı müqaviləsi üzrə 1166.99 (min yüz altmış altı manat doxsan doqquz qəpik) məbləğində pul tutularaq İddiaçı QSC-nə ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin iddia tərəfindən ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqı alınaraq İddiaçı QSC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar