Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1402/2023 28.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i sadələşdirilmiş icraat qaydasında ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 450 (dörd yüz əlli) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, Paz********** №li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh Əliağa oğlu tərəfindən idarə edilən «Vaz 21061» minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Göyçay-Qaraməryəm yolu ərazisində ** JH *** dövlət qeydiyyat nişanlı «İsuzu NPR75» yük markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı-Şamaxı-Yevlax yolu 214 km DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh Əliağa oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə TP ******* qərar yazılmışdır. «İsuzu NPR75YÜK» markalı, 99JH671 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 450 (dörd yüz əlli) manat ödənişi verilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" ASC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini, sığorta şirkətinə olan borcunu hissə-hissə ödəyib qaytaracağını və işə onun iştirakı olmadan baxılaraq qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC-i ilə sığortalı «VAZ 21061» minik markalı, 31BA015 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş AC N 481737 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «İsuzu NPR75« markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “X7” ASC-dir. İşə əlavə edilmiş “X7” ASC tərəfindən verilmiş yol vərəqəsinin surətindən görünür ki, «İsuzu NPR75» markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X1 yol vərəqəsi verilmişdir. İşə əlavə edilmiş etibarnamənin surətindən görünür ki, X2 tərəfindən Cavabdeh “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində sərəncam vermək üçün etibarnamə verilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli CML-3142/2021-AKT4820/21 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış «VAZ 21061» minik markalı, 31BA015 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən Göyçay rayonu Qaraməryəm yolu ərazisində yol-nəqliyyat hadisəsi törədərək «İsuzu NPR75» markalı, **-JH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq, «İsuzu NPR75» markalı, **-JH-*** qeydiyyat nişanlı avtomobilə 450 manat məbləğində maddi ziyan vurmuşdur. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh verə haqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının verdiyi xx.xx.2021-ci il tarixli 4983 nömrəli ekspert rəyindən görünür ki, «İsuzu NPR75» markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği cəmi 450 manat təşkil edir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki ”Azsığorta ” ASC tərəfindən “X7” ASC-nə 450 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin ,dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq,sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən sübroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla,sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı ,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, yüksək təhlükə mənbəyi olan “ Azsığorta" ASC-i tərəfindən xx.xx.2021-ci il tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış «VAZ 21061» markalı 31BA015 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Əliağa oğlu xx.xx.2021-ci il tarixdə idarə edərək yol hərəkəti qaydalarını pozması nəticəsində sığorta hadisəsi baş vermiş və «İsuzu NPR75» yük markalı, 99JH671 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Cavabdeh Əliağa oğlu əməli törətməkdə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə olunmuşdur. Hadisə zamanı «İsuzu NPR75» yük markalı, 99JH671 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan sığortaçı "xxxx" ASC-i tərəfindən hesablanmış və 450 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran şəxs Cavabdeh Əliağa oğluna qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki,zərərvuran Cavabdeh Əliağa oğlu törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini,yəni iddia tələbinin predmeti olan 450 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, «İsuzu NPR75» yük markalı, 99JH671 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş maddi zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş sığorta tərəfi olan Cavabdeh üzərinə qoyulmalı bununla da iddia təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Əliağa oğlundan «İsuzu NPR75» yük markalı, 99JH671 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 450 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Məhkəmə xərcləri Cavabdeh Əliağa oğluna aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1402/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1402/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver