Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-144/2023 13.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 266.5 manat əsas borcun, 26.5 manat cərimə borcu olmaqla cəmi 293 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehilə aralarında xx.xx.2021-ci il tarixdə Samsung Galaxy A02S markalı mobil telefonun alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən borclu alqı-satqı qiyməti 348.8 manat (6 ay x 53.3manat + 28 manat ilkin ödəniş) satılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehlə arlarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Hal-hazırda cavabdehin 266.5 manat əsas borcu, 26.5 manat cərimə borcu vardır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə iddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə mobil telefonun alqısatqısına dair müqavilə bağlamamış, mobil telefon almamışdır. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindəki imza ona aid deyil. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23011244 nömrəli xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 06 ay müddətinə hər ay 53.3 manat ödəmək şərti ilə Samsung Galaxy A02S markalı mobil telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/339 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, 23011244 №-li müqavilənin 1 -ci səhifəsində “3.Digər şərtlər” bölməsində “Cavabdeh” sözünün qarşısında “İmza:” qrafasındakı imza; 2-ci səhifədə “5.Tərəflərin hüquqi ünvanları və imzalan” bölməsində “Cavabdeh” sözünün qarşısında “imza:” qrafasındakı imza və həmin vərəqin aşağı hissəsində qeydin altında “İmza:” qrafasındakı imza, işin 43-cü vərəqində olan xx.xx.2021-ci il tarixli bildirişdəki “oxudum tanış oldum” sözlərinin aşağ hissəsində “Cavabdeh” əlyazmasının qarşısında “İmza” qrafasındakı imza və həmin vərəqdə "Əşyaların təhvil -təslim aktına dair” cədvəlin aşağı hissəsində “Cavabdeh” əlyazmasının qarşısında “İmza” qrafasındakı imza; işin 44-cü vərəqində olan xx.xx.2021-ci il tarixli əlavənin aşağısında “Cavabdeh” əlyazmasının qarşısında “imza” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən "xxxx" MMC cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaçı ilə nsiyə alqı-satqı müqaviləsi bağlamadığını, iddiaçıdan mobil telefon almadığını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindəki imzanın onun tərəfindən imzalamadığını bildirmiş, müqavilədəki imzaları mübahisələndiriydiyindən, məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə məhkəmə xəttşunaslıq ekspertizası təyin edərək, müvafiq rəy almışdır. Ekspertin rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli 11001397 saylı və xx.xx.2021-ci il tarixli 23011244 nömrəli nisyə alqı-satqı müqaviləsindəki imza Cavabdeh tərəfindən icra edilməmişdir. Göründüyü kimi tərəflər arasında hüquqi münasibətlər yaranmamışdır Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilməli, 110 manat ekspertiza xərci iddiaçıdan alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Cavabdeh 266.5 manat əsas borcun, 26.5 manat cərimə borcu olmaqla, cəmi 293 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh 266.5 manat əsas borcun, 26.5 manat cərimə borcu olmaqla, cəmi 293 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 110 manat ekspertiza xərci iddiaçı "xxxx" MMC -dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-144/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-144/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver