Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1461/2024 19.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı daxili lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 13 noyabr 2023-cü il tarixli AZL-983 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, Cavabdeh 13 noyabr 2023-cü il tarixli AZL-983 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 aprel 2024-cü il tarixə 171 manat 60 qəpik gecikdirilmiş əsas, 359 manat 07 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 327 manat 21 qəpik dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 9679 manat məbləğində pulun, ümumilikdə 10536 manat 88 qəpik borc və ödənilmiş 122 manat 01 qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli AZL-983 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA130234 ban, göy metallik rəngli avtomobil 25850 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543 manat 51 qəpik, ümumilikdə isə 36110 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 aprel 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 9679 manat dəyərində ziyan dəymişdir. Cavabdeh 13 noyabr 2023-cü il tarixli AZL-983 “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 aprel 2024-cü il tarixə 171 manat 60 qəpik gecikdirilmiş əsas, 359 manat 07 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 327 manat 21 qəpik dəbbə pulu, cəmi 857 manat 88 qəpik borcu yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı MMC-nin nümayəndəsi X2 ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə və SMS bildiriş göndərilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 13 noyabr 2023-cü il tarixli AZL-983 saylı "Daxili Lizinq” müqaviləsindən görünür ki, "Azərmaş Lizinq” MMC-i ilə Cavabdeh arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Həmin müqavilənin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. İşə əlavə edilmiş 13 noyabr 2023-cü il tarixli təhvil-təhsil aktından görünür ki, dəyəri 25850 manat olan “Chevrolet Cobalt” minik markalı avtomobil Cavabdeh təhvil verilmişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 26 aprel 2024-cü il tarixli aktından görünür ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "Azərmaş Lizinq” MMC-in mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 aprel 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir. İşə əlavə edilmiş 15 may 2024-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cobalt” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9679 manat ziyan hesablanmışdır. İşə əlavə edilmiş AZL-983 saylı X1 3 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh illik 16 faiz hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləği olmaqla 543 manat 51 qəpik, ümumilikdə 36110 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 10 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 13 noyabr 2023-cü il tarixli AZL-983 saylı daxili lizinq müqaviləsi üzrə 26 aprel 2024-cü il tarixə yaranmış 171 manat 60 qəpik məbləğində əsas borcu, 359 manat 07 qəpik məbləğində mükafat, 327 manat 21 qəpik məbləğində cərimə pulu, ümumilikdə 857 manat 88 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun yaranması, ona görə də müqavilənin ləğv edilərək yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı MMC-i tərəfindən xəbərdar olunmuşdur. Tətbiq edilən hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla,müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur.Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 122 manat 01 qəpik məbləğində pul İddiaçı MMC-i tərəfindən ödənilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunmuş mülki qanunvericiliyinin tələbinə görə lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla,müəyyən müddətə və lizinq alana həmin əmlakı satın almaq hüququnun verilməsi və ya verilməməsi də daxil olmaqla digər şərtlərlə lizinq alanın istifadəsinə verməyi,lizinq alan isə müəyyənləşdirmliş dövrilikələ muzd ödəməyi borcludurlar.Lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün əsaslardan biri lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsidir.Lizinq obyektinin zərərin bütün növlərindən qorunması riski onu faktiki qəbul etdiyi andan lizinq alan daşıyır. Hazırki iş üzrə müəyyən edilmiş işin faktiki hallarına görə İddiaçı MMC-i ilə Cavabdeh arasında etibarlı lizinq müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh lizinq müqaviləsi ilə lizinq obyektindən istifadə üçün müəyyən edilmiş haqqı müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzrə ödəməmiş,ona görə də 13 noyabr 2023-cü il tarixli AZL-983 saylı daxili lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün qanuni əsas yaranmış,lizinq alan Cavabdeh lizinq ödənişlərini İddiaçı MMC-nə ödəməli,ondan 171 manat 60 qəpik gecikdirilmiş əsas, 359 manat 07 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 327 manat 21 qəpik dəbbə pulu, cəmi 857 manat 88 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-ödənilməli,iddia bu hissədə təmin olunmalıdır.Bundan başqa lizinq alan Cavabdeh lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobili onu faktiki qəbul etdiyi vaxtdan zərərin bütün növlərindən qorunması riskini daşıdığından,dəymiş maddi zərərin əvəzi olaraq 9679 manat məbləğində pul da ondan alınaraq İddiaçı MMC-nə ödənilməli,bununla da iddia tam təmin edilməlidir. İddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 122 manat 01 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC -nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı MMC-i ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli AZL-983 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 13 noyabr 2023-cü il tarixli AZL-983 daxili lizinq müqaviləsi üzrə 26 aprel 2024-cü il tarixə yaranmış 171 manat 60 qəpik gecikdirilmiş əsas, 359 manat 07 qəpik gecikdirilmiş mükafat, 327 manat 21 qəpik dəbbə pulu, 9679 manat məbləğində dəymiş maddi zərər, ümumilikdə 10536 manat 88 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 122 manat 01 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1461/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1461/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver