Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1659/2025 05.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştiakı ilə, İddiaçı Azərmarş Lizinq MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərmarş Lizinq MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02 noyabr 2024-cü il tarixli AZL-4937 saylı "xxxx" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 aprel 2025-ci il tarixə ödənilməmiş 448.89 manat gecikdirilmiş əsas, 336.35 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 494.71 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 283.20 manat, ümumilikdə 1563.15 manat borc və ödənilmiş 35.64 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC iləCavabdeh arasında bağlanmış 02 noyabr 2024-cü il tarixli AZL-4937 saylı "xxxx" müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, **-YF-***dövlət qeydiyyat nişanlı avtomobil 01 aprel 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 283.20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-4937 saylı "xxxx" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 aprel 2025-ci il tarixə ümumilikdə 1219.95 manat məbləğində gecikmə borcu yaranmışdır. "xxxx" müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Azərmarş Lizinq MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə lizinq müqaviləsi bağlamış, “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə götürmüş, maddi imkanı olmadığından ödənişlərini ödəyə bilməmiş, buna görə də avtomobili iddiaçı saxlanc yerinə qəbul etmişdir. Avtomobilə ziyan vurmamışdır. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il il tarixli AZL-4937 saylı "xxxx" müqaviləsindən görünür ki, Azərmarş Lizinq MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinq müqaviləsinə əsasən istifadəsinə verilmişdir. Cavabdeh . “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən illik 19 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, , Azərmarş Lizinq MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərmarş Lizinq MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil-təslim edilərək Azərmarş Lizinq MMC-nin saxlancına qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 283.20 manat dəymiş ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh ilə Azərmarş Lizinq MMC arasında xx.xx.2024-cü il tarixdə daxili lizinq müqaviləsi bağlanmış, cavabdehə “Chevrolet Cobalt LTZ” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil müvəqqəti sahibliyinə verilmiş, lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 19 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553.83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödənişləri həyata keçirmədiyindən, avtomobil iddiaçının mülkiyyətinə qaytarılmış, qaytarılarkən müəyyən edilmişdir ki, avtomobilə maddi ziyan vurulmuşdur. Akta əsasən maddi ziyan hesablanmış və müəyyən edilmişdir ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YF- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olarkən 283.20 manat maddi ziyan vurulmuşdur. Lakin cavabdeh məhkəmə baxışı zamanı izahatında avtomobilə maddi ziyan yetirmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh iddiaçı Azərmarş Lizinq MMC-yə avtomobili duracağa yerləşdirilən tarixədək, yəni 01.4.2025-ci ilədək lizinq müqaviləsi üzrə 448.89 manat əsas borcu, 336.35 manat gecikdirilmiş mükafatı ödəməmişdir.Buna görə də məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən 448.89 manat əsas borcu, 336.35 manat gecikdirilmiş mükafatı cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə baxışı zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində 283.20 manat maddi ziyan vurulduğuna dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Eləcə də məhkəmə hesab edir ki, iddiaçı , Azərmarş Lizinq MMC-nin cavabdehdən müqavilə üzrə 494.71 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 14.71 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərmarş Lizinq MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 448.89 manat əsas borcu, 336.35 manat gecikdirilmiş mükafat və 14.71 manat cərimə borcu iddiaçı Azərmarş Lizinq MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 35.64 manat dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçı Azərmarş Lizinq MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 448.89 manat əsas borcu, 336.35 manat gecikdirilmiş mükafat və 14.71 manat cərimə borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Azərmarş Lizinq MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1659/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1659/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver