Məhkəmə qərarları › İş №e-2(046)-1663/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1663/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1663/2023 21.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-i Cavabdeh ilə bağladığı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 2500 manat olan «Yumşaltma» markalı sutəmizləyici filtirini 11 ay müddətinə nisyə satmışdır. İddiaçı MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2100 manat ödənilməmiş hissə, 400 manat cərimə olmaqla, cəmi 2500 manat və ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən iddia ərizəsinin surəti və bildiriş xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2500 manat borcu mövcuddur. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 2500 manat olan «Yumşaltma» markalı sutəmizləyici filtirini 11 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulduğundan, müqavilə hissə-hissə ödəmə şərtilə nisyə satılması haqqında olmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətlərdə ödəmək vəzifəsini icra etmədiyindən İddiaçı MMC verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Ona görə də Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 2100 manat məbləğində pul alınaraq İddiaçı MMC-nə verilməli və iddia bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə gecikdirməyə görə hesablanmış 400 manat məbləğində penya tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan penya 200 manat məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 400 manat məbləğində penya 200 manat məbləğinədək azaldılsın. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2100 manat ödənilməmiş hissə, ödənişin gecikdirilməsinə görə hesablanmış 200 manat məbləğində penya olmaqla, cəmi 2300 manat məbləğində pul alınıb İddiaçı MMC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 45 manat məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar