Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1676/2024 18.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 531 (beş yüz otuz bir) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun iddiaçı "xxxx" ASCnin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, PQA**********saylı şəhadətnamə ilə Cəmiyyətidə sığortalanmış,“Vaz 21063” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunan zaman xx.xx.2021-ci il tarixdə Göyçay şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 531 (beş yüz otuz bir) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bu fakt Göyçay DYPB-nin tərtib etdiyi X3 Haqqında Qərarda da özəksini tapmışdır. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 1143/23 nömrəli məktubla Cavabdeh qarşı 531 (beş yüz otuz bir) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. İş materillarında olan Göyçay rayon Polis Şöbəsinin YPX-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci tarixli AP ******* saylı İnzibati Xəta haqqında Protokoluna əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli X3 haqqında TP ******* saylı qərarına əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələri ilə 400 manat inzibati qaydada cərimə edilmişdir. «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışdan görünür ki, “VAZ 21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21063” markalı **- BF-*** dövlət nömrə nişanlı avtomobil sığorta hadisəsi baş verdiyi zaman "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. “VAZ 21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PQA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 531 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 531 manat sığorta ödənişi X2 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, **********26 saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» haqqında qanunun 25.1.3-cü maddəsinin məzmunundan görünür ki icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, həmin şəxsə qarşı subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh avtomobili idarə edərkən təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğundan və həmin zərər "xxxx" ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh üzərinə qoyulmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 531 (beş yüz otuz bir) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1676/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1676/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver