Məhkəmə qərarları › İş №e-2(046)-1894/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1894/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1894/2025 02.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat borcu əsas, 100 manat cərimə, ödənilmiş 33 manat dövlət rüsumu ilə birlikdə 1333 manat məbləğində borcun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxrasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, STN03-6294 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən sonuncu aldığı «Mikrodalğalı qızdırıcı ZLN, Çaynik ZLN, Zilan Tozsoran, Qazan dəsti 9 parça ZLN» müqabilində hər ayın 4-dən gec olmamaqla 12 ay müddətində 100 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məhsulu təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malın dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə 292 manat 78 qəpik borcu borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə İddiaçı MMC-i arasında xx.xx.2023-cü il tarixli, STN03-6294 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh «Mikrodalğalı qızdırıcı ZLN, Çaynik ZLN, Zilan Tozsoran, Qazan dəsti 9 parça ZLN» müqabilində hər ayın 4-dən gec olmamaqla 12 ay müddətində 100 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2023cü il tarixli təhvil-təslim aktı imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehnun xx.xx.2023-cü il tarixli, STN03-6294 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1200 manat borcu əsas, 100 manat cərimə, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəfimizdən ödənilmiş 33 manat dövlət rüsumu ilə birlikdə 1333 manat məbləğində borcun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə cədvəli tərtib olunmuşdur. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, STN03-6294 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlıqları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, xx.xx.2023-cü il tarixli, STN03-6294 saylı nisyə alqı-satqı müqavilə üzrə hesablanmış cərimə məbləğinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 10 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 33 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, STN03-6294 saylı müqavilə üzrə 1200 (min iki yüz manat) əsas, 10 (on) manat cərimə, ümumilikdə 1210 (min iki yüz əlli manat) manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 33 (otuz) manat məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar