Məhkəmə qərarları › İş №e-2(046)-1922/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1922/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1922/2023 15.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, 10/05-001 nömrəli alqı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədilə alınmış 2000 manat behin, alqı-satqı müqaviləsinin icra ediləməməsi üçün müqavilənin 1.3-cü bəndinə əsasən ödəməli olduğu behin 2 misli miqdarında, yəni 4000 manat,ümumilikdə 6000 manat və ödənilmiş 80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehlə aralarında bağlanan 10 may 2023-cü il tarixli 10/05-001 saylı alqı-satqı müqaviləsinə əsasən Türkiyə Respublikasından gətiriləcək 12 (on iki) ədəd 4 aylıq Anqus danalarını 9.600 manata almağı, cavabdeh isə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək ona malı təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 10/05- 001 nömrəli alqı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədilə cavabdehə 2000 manat (beh vermiş, cavabdeh isə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək malı təhvil verməyi öhdəsinə götürmüşdür. Beh Müqaviləsinin 1.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsinin icra edilməməsi halı üçün məsuliyyət daşıyırsa beh məbləğinin iki mislini geri qaytarmağı öhdəsinə götürmüşdür. 19 iyul 2023cü ildə cavadbehə pretenziya verilərək behin qaytarılması tələb edilmiş,əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh xx.xx.2023-cü ildə pretenziya məktubunu alsa da yenə də müqavilə tələblərin icra etməmişdir. Cavabdeh aldığı pulu qaytarmamaqla əsassız olaraq varlanmışdır. Borclu olduğu behi və onun 2 misli məbləğini geri qaytarmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, iddianı qəbul etdiyini bildirmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş 10 may 2023-cü il tarixli 10/05-001 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Qasımov X1 Respublikasından gətiriləcək 12 (on iki) ədəd 4 aylıq Anqus danalarını 9.600 (doqquz min altı yüz manat) manata almağı, Cavabdeh isə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək mənə malı təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli beh müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli, 10/05-001 nömrəli alqı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədilə İddiaçı Cavabdeh 2000 manat beh vermişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, arasında İddiaçı ilə Cavabdeh arasında 10 may 2023-cü il tarixli 10/05-001 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən Türkiyə Respublikasından gətiriləcək 12 (on iki) ədəd 4 aylıq Anqus danalarını 9.600 manata iddiaçı almağı, cavabdeh isə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək iddiaçıya malı təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 10/05-001 nömrəli alqı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədilə iddiaçı və cavabdeh arasında beh müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 2000 manat beh vermiş, cavabdeh isə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək malı təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilədən əmələ gələn öhdəliklərini icra etməmiş, 9.600 manat dəyərində malı İddiaçı təhvil verməmişdir.Məhkəmə hesab edir ki, Cavabdeh beh müqaviləsi üzrə məsuliyyət daşıyan tərəf olduğundan aldığı 2000 manat behinn iki mislini yəni 4000 manatını iddiaçıya qaytarmalıdır. Məhkəmə baxışı zamanı İddiaçı 6000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun, 60 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4000 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar