Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1928/2025 18.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 380 (üç yüz səksən) manat əsas və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 410 (dörd yüz on) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Hacıyev Rəşad Vidadi oğlunun istifadəsində olan qeyri-yaşayış sahəsinə (“Aysel” şadlıq sarayı) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. xx.xx.2024-cü il tarixində saat 08 radələrində ünvan 1 ünvanında yerləşən X2 məxsus, Cavabdeh icarəyə verilmiş “Nar” şadlıq sarayına məxsus transformatorunda yanğın hadisəsi baş vermiş, alov yayılaraq “Aysel” şadlıq sarayına keçmiş, nəticədə “Nar” şadlıq sarayının transformatoru, kondisioneri, soyuducusu və pəncərəsi, “Aysel” şadlıq sarayının yan divarının üzlük materialının 65 kv.metr sahəsi yanaraq yararsız vəziyyətə düşmüş, əmlaka maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir: “Cavabdeh ünvan 2 ünvanında yerləşən “Nar” şadlıq sarayının icarəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.10.2-ci, 6.2-ci və 6.5-ci, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.2-ci, 2.3.3.1-ci, 2.3.3.2-ci və 2.3.5-ci, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci, 3.5-ci, 3.5.3.1-ci, 3.5.3.3-cü və 3.5.3.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən 16 dekabr 2024-cü il tarixdə, saat 08 radələrində “Nar” şadlıq sarayına məxsus transformatorun elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir.” Baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CFİ-0201/2024-AKT117/25 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı Hacıyev Rəşad Vidadi oğluna 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla 380 (üç yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçı "xxxx" ASC-i tərəfindən verilmiş iddia tələbini qəbul etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materillarında olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında Hacıyev Rəşad Vidadi oğluna sığorta təminatı verilmişdir. Yardımşünas MMC tərəfindən dəymiş zərərin hesabatından görünür ki, xx.xx.2024-cü il tarixində Göyçay şəhəri, H.Əliyev prospekti, 99 saylı obyektə 680 manat zərər hesablanmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2024-cü il tarixli məktunbundan görünür ki, Göyçay rayonu, Heydər Əliyev prospekti ünvanında yanğın baş verməsi haqqında xx.xx.2024-cü il tarixdə saat 08:30 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə məlumat daxil olmuşdur. Hadisə yerinə 2 ədəd yanğın avtomobili manqa tərkibində göndərilmişdir. Yanğından mühafizə bölmələri xx.xx.2024-cü il saat 08:34 dəqiqədə hadisə yerinə çatmışdır. Yanğından mühafizə bölmələri hadisə yerinə çatan zaman yanğının restoranın ərazisindəki transformatorda baş verməsi müəyyən olunmuşdur. Yanğın nəticəsində 2 mərtəbəli “Nar” restoranına məxsus gücü 160 kvt olan transformatorun yanar hissələri, restoranın çöl divarında quraşdırılmış “LG” markalı kondisionerin mühərriki və 2 ədəd plastik pəncərə çərçivəsi yanmış, yüksək temperaturdan yaxınlıqdakı 2 mərtəbəli “Aysel” restoranının lambirdən ibarət üzlüyü 30 kv.m. sahədə ərimişdir. Yanğın xx.xx.2024-cü il tarixində saat 08:49 dəqiqədə 2 ədəd "B” əl lüləsi verilməklə, 14 nəfər şəxsi heyətin səyi nəticəsində söndürülmüşdür. Yanğından hər iki restoran mühafizə olunmuşdur. xx.xx.2025-ci il tarixli, CFİ-0201/2024-AKT117/25 nömrəli aktdan görünür ki, "xxxx" ASC tərəfindən sığortalı Hacıyev Rəşad Vidadi oğluna 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla 380 (üç yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 16 dekabr 2024-cü il tarixdə, saat 08 radələrində ünvan 2 ünvanında yerləşən “Nar” şadlıq sarayına məxsus transformatorunda baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: İşin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, Göyçay şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Hacıyev Rəşad Vidadi oğlunun istifadəsində olan qeyriyaşayış sahəsi xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. xx.xx.2024-cü il tarixində saat 08 radələrində ünvan 1 ünvanında yerləşən X2 məxsus, Cavabdeh icarəyə verilmiş “Nar” şadlıq sarayına məxsus transformatorunda yanğın hadisəsi baş vermiş, alov yayılaraq “Aysel” şadlıq sarayına keçmiş, nəticədə “Nar” şadlıq sarayının transformatoru, kondisioneri, soyuducusu və pəncərəsi, “Aysel” şadlıq sarayının yan divarının üzlük materialının 65 kv.metr sahəsi yanaraq yararsız vəziyyətə düşmüş, əmlaka maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CFİ- 0201/2024-AKT117/25 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı Hacıyev Rəşad Vidadi oğluna 300 (üç yüz) manat azadolma məbləği çıxılmaqla 380 (üç yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərər vuran şəxs Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişi məbləğində zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 380 (üç yüz səksən) manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, verilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərər vuran Cavabdeh üzərinə qoyulmalı, bununla da iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 380 (üç yüz səksən) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 380 (üç yüz səksən) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASCnə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1928/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1928/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver