Məhkəmə qərarları › İş №e-2(046)-2143/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2143/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2143/2025 08.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli 04007168 saylı müqavilə üzrə 229 manat 15 qəpik əsas, 22 manat 92 qəpik cərimə və xx.xx.2024-cü il tarixli 18556108 saylı müqavilə üzrə 596 manat 40 qəpik əsas və 59 manat 64 qəpik cərimə olmaqla, ümumilikdə 908 manat 11 qəpik pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 04007168 saylı və xx.xx.2024-cü il tarixli 18556108 saylı nisyə alqısatqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrinin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı götürdüyü məhsulların pulun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqavilələrə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alıdığı məhsulların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə 908 manat 11 qəpik borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli 04007168 saylı müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı İmei kod **********96369 “Xiaomi Redmi A3” markalı mobil telefon və Ultra 3 il qızıl zəmanət xidməti müqabilində hər ayın 20-dən gec olmamaqla 18 ay müddətində 19 manat 11 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli 18556108 saylı müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı İmei kod **********55314 “Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adabter, 02 ədəd vinil mat, “Kieslect KR Pro” markalı qol saatı, Paket L xidməti və Ultra 2 il qızıl zəmanət xidməti müqabilində hər ayın 22-dən gec olmamaqla 18 ay müddətində 42 manat 60 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1,2 % həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 04007168 saylı müqavilə üzrə 229 manat 15 qəpik əsas, 22 manat 92 qəpik cərimə və xx.xx.2024-cü il tarixli 18556108 saylı müqavilə üzrə 596 manat 40 qəpik əsas, 59 manat 64 qəpik cərimə olmaqla, ümumilikdə 908 manat 11 qəpik cərimə borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə cədvəli tərtib olunmuşdur. ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 04007168 saylı və xx.xx.2024-cü il tarixli 18556108 saylı müqavilə üzrə nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək məhsulları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı məhsulların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulunun tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, xx.xx.2024-cü il tarixli 04007168 saylı müqavilə və xx.xx.2024-cü il tarixli 18556108 saylı nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tarixli 04007168 saylı müqavilə üzrə 2 manat və xx.xx.2024-cü il tarixli 18556108 saylı müqavilə üzrə 5 manat cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 (otuz manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 04007168 saylı müqavilə üzrə 229 manat 15 qəpik əsas, 2 manat cərimə və xx.xx.2024-cü il tarixli 18556108 saylı müqavilə üzrə 596 manat 40 qəpik əsas, 5 manat cərimə olmaqla, ümumilikdə 832.55 (səkkiz yüz otuz iki manat əlli beş qəpik) məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30(otuz manat) məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar