Məhkəmə qərarları › İş №e-2(046)-2213/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2213/2025

18.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2213/2025 18.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən onun abonent kodu **********1 üzrə əsassız olaraq hesablanmış və şəbəkənin proqram bazasında qeyd olunmuş 603 manat 49 qəpik borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən ona məxsus obyekt üzrə "xxxx" ASC ilə abonent münasibətləri əsasında elektrik enerjisindən istifadə edir. Abonent kodu **********1-dir. Əvvəllər "xxxx" ASC tərəfindən onun obyekti üzrə guya itirilmiş elektrik enerjisinə görə əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(046)-1097/2018 saylı iş üzrə qətnaməsi ilə iddia təmin edilmiş, məhkəmə baxışı zamanı obyektində quraşdırılmış CA4Y-N672 tipli 702102 zavod nömrəli 3 fazalı sayğacın möhürlərinə onun tərəfindən müdaxilə olunması hallarının sübuta yetirilmədiyini müəyyən edilmiş, nəticədə onun barəsində hesablanmış 376 manat 70 qəpik borcun əsassız olduğuna qərar vermiş və həmin borcun silinməsi təsbit edilmişdir. Lakin məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən təkrar olaraq obyekti üzrə itirilmiş elektrik enerjisinə dair əsassız hesablamalar aparılmış və şəbəkənin proqram bazasında onun adına yenidən borc qeydə alınmışdır. Bu hal məhkəmə aktının icrasından yayınma və qanunsuz hərəkət kimi qiymətləndirilməlidir. Göyçay Rayon Məhkəməsi qətnaməsində açıq şəkildə qeyd olunmuşdur ki, onun obyektində quraşdırılmış sayğaca müdaxilə olunması faktı sübuta yetirilməmişdir. Buna görə də "xxxx" ASC-nin ondan 376 manat 70 qəpik tələb etməsi əsassız hesab olunmuşdur. Bu qətnamə qüvvədə olduğu halda cavabdehin eyni mahiyyətdə təkrar borc hesablaması hüquqi əsası olmayan hərəkətdir. O Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən obyekt üzrə elektrik enerjisi abonenti kimi qeydiyyatdadır. Lakin o sahibkarlıq fəaliyyəti subyekti kimi qeydiyyata alınmamışdır, yəni vergi uçotunda fərdi sahibkar qismində qeydiyyatı yoxdur. Əvvəlki məhkəmə baxışı zamanı da cavabdeh tərəf məhz bu məsələni – onun sahibkar olub-olmamağını və abonent münasibətlərinin hüquqi xarakterini – mübahisələndirmiş və işə kommersiya məhkəməsində baxılmasını xahiş etmişdir. Lakin cavabdehin bu vəsatəti əsassız hesab edilmiş, çünki o sahibkar kimi qeydiyyatda olmadığı və mübahisə istehlakçı-abonent münasibətlərindən qaynaqlandığı üçün Göyçay Rayon Məhkəməsi işə ümumi məhkəmədə baxılmalı olduğu qənaətinə gəlmişdir. Cavabdehin etirazları: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (qeyri istehlakçı qurupu üzrə) kimi Göyçay EŞ-nin “Proqram bazasında” **********1 saylı istehlakçı kodu ilə qeydiyyatdadır və elektrik enerjisindən ona məxsus obyektə xx.xx.2017-ci il tarixdə quraşdırılmış Viko T510 DBOT tipli, zavod nömrəsi №5072212 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2024-cü il tarixinə kimi istifadə etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi elektrik enerjisindən istifadəyə görə "xxxx"ASC-nin əməkdaşları tərəfindən ona məxsus Cəyirli kənd ərazisində yerləşən obyekt üzrə əsassız hesablanmış 630 manat 52 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin 2(046)-1097/2018-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttəhov) iddia tələbi təmin olunmuşdur. Qətnamə ilə İddiaçı məxsus Göyçay rayonu, Cəyirli kənd ərazisində yerləşən obyekt üzrə itirilmiş elektrik enerjsinin bərpa edilməsi üçün 236 manat 70 qəpik və sayğac quraşdırma bədəli olaraq 138 manat olmaqla, cəmi 376 manat 70 qəpik əsassız hesablanmış borc pulun silinməsi qət edilmişdir. İddiaçının silinməsini tələb etdiyi 603 manat 49 qəpik borc məbləğinin 376 manat 70 qəpik Göyçay rayon Məhkəməsinin 2(046)-1097/2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən iddiaçının Göyçay EŞnin proqram bazasında qeydiyyatda olan **********51002 saylı istehlakçı kodu üzrə hesabından silinmişdir. Qeyd olunanlar istehlakçı tərəfindən istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında məlumatda öz əksini tapır. Həmin məlumatı təhlil etdikdə İddiaçı xx.xx.2025-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 684 manat 22 qəpik məbləğində ödənilməli olan borcunun olduğu görünür və həmin borc məbləği iddiaçı tərəfindən ödənilməlidir. Məlumatda həmçinin xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi iddiaçıya məxsus obyektin elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğaclarının göstəricilərinə əsasən dəyəri 4868 manat 03 qəpik təşkil edən 54808 KVT saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi, məlumatın aktlar qrafasında Transformator itkisinə və reaktiv enerjiyə görə hesablanmış 2501 manat 72 qəpik məbləğinin, ödəməli qrafasında 6705 manat 52 qəpik məbləğinin və borc qrafasında isə 684 manat 22 qəpik məbləğinin qeyd olunduğu görünür. Beləliklə məlumatda əks olunan istehlak edilmiş 4868 manat 03 qəpik məbləğini Transformator itkisinə reaktiv enerjiyə görə hesablanmış 2521 manat 72 qəpik məbləğini cəmləyərək ödənilmiş 6705 manat 52 qəpik məbləğini çıxdıqda iddiaçının 684 manat 22 qəpik ödənilməli olan borcunun mövcudluğu öz təsdiqini tapır. 4868 manat 03 qəpik + 2521 manat 72 qəpik – 6705 manat 52 qəpik = 684 manat 22 qəpik. Bildirir ki, iddiaçıya məxsus obyekti elektrik enerjisi ilə təchiz edən elektrik sayğacı onun şəxsi mülkiyyətində olan ******* saylı Transformator onun şəxsi transformatorudur. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki,cavabdeh "xxxx" ASC-in əməkdaşları tərəfindən verilmiş bildiriş əsasında istifadə etdiyi elektrik enerjisinə görə borcun məbləği barədə məlumat əldə edir.Lakin həmin bildirişlərə nəzər yetirdikdə,transormator itkisinə görə və ya reaktiv edilməsinə görə nə qədər borcun olmasını müəyyən etmək mümkün olmur.Bildirişdə olan borc məbləğinin necə yaranmasını müəyyən etmək üçün "xxxx" ASC-in yerli qurumuna müraciət etdikdə ona heç bir izah vermədən tövsiyyə etmişlər ki,məhkəməyə müraciət etsin. İddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etdi.İzahat verərək bildirdi ki,abunə haqqında olan məlumatlarda Göyçay Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(046)-1097/2018 saylı qətnaməsi ilə qət edilmiş məbləğ abonentin hesab kodundan silinmişdir.Bundan başqa abuna haqqında məlumatlarda transformator itkisinin nə qədər olması,habelə reaktiv edilməsi ilə bağlı məlumatlar da öz əksini tapmışdır.Abonentə təqdim edilmiş bildirişdə bu barədə məlumatlar göstərilməsə də,abonentin tələbi əsasında onun barəsində olan abunə haqqında mətumatlar ona verilir,həmin məlumatlardan isə sərfiyyətin neçə hesablanmasını müəyyən etmək mümkün olur.Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)- 1097/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdeh "xxxx" ASCnin əməkdaşları tərəfindən İddiaçı məxsus Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən obyekt üzrə itirilmiş elektrik enerjisinin miqdarının bərpa edilməsi üçün 238 manat 70 qəpik və sayğac quraşdırma bədəli olaraq 138 manat olmaqla, cəmi 376 manat 70 qəpik əsassız hesablanmış borc pulun silinməsi qət edilmişdir. İşə əlavə edilmiş “Mərkəzi Aran” X2 və Satışı İdarəsinin Göyçay Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı məxsus obyektin 603 manat 49 qəpik dəyərində debitor borcun vardır. Mövcud borcun xx.xx.2025-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks halda İddiaçı məxsus obyektin elektrik enerjisi təchizatı xx.xx.2025-ci il tarixdə, saat 11.00-da heç bir əlavə xəbərdarlıq edilmədən dayandırılacaı bildirilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Göyçay rayonu, Cəyrili kəndində yerləşən ümumi sahəsi 736.8 kv.m olan obyekt icarəyə verən İddiaçı tərəfindən icarəçi X1 10 il müddətinə icarəyə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 0.15 ha olan ümumi sahəsi 736.6 kv.metr olan qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən istifadə edilmiş enerji sərfiyyatına görə məlumatlar sayğac göstəricilərinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək,bağlanan aktlara görə xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədəku,abunə ödənişlərinə görə xx.xx.2015-ci il tarixdənxx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Transformator itkisinin hesablanması “Qaydaların” 8.10. bəndində təsbit olunmuşdur, “istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqh transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur”. “Qaydaların” 8.41. bəndinin tələblərinə əsasən “Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonentlər tərəfindən reaktiv güc əmsalının (tgcp) maksimum (tgcpmax) və ya minimum (tgcpmin) qiymət hədləri pozulduğu halda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir”. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1097/2018 saylı qətnaməsinə əsasən İddiaçı məxsus Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən obyekt üzrə itirilmiş elektrik enerjisinin miqdarının bərpa edilməsi üçün əsassız hesablanmış 376 manat 70 qəpik məbləğində pul vəsaiti abunə haqqında bağlanan aktlar bölməsində olan məlumatlara görə xx.xx.2019-cu ildə abonent kodundan silinmişdir.Odur ki,İddiaçı 376 manat 70 qəpik məbləğində pulun abonent kodundan silinməsi hissədə tələbi əsassızdır. İddianın qalan hissəsi də məhkəmə hesab edir ki,əsassızdır.Belə ki,abunə haqqında olan məlumatlardan görünür ki,iddiaçının mülkiyyətində olan trasformator itkisinin hesablanması da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”n tələblərinə uyğun olaraq texnoloji sərfiyyat kimi abonent koduna qeyd edilmişdir. Odur ki,iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı abonent koduna əsassız olaraq hesablanmış və şəbəkənin proqram bazasında qeyd olunmuş 603 manat 49 qəpik borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar