Məhkəmə qərarları › İş №e-2(046)-2255/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2255/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2255/2023 16.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 184,31 manat ödənilməmiş hissə, 18,69 manat cərimə, ümumilikdə 203 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 02121327 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavəsinə əsasən sonuncu aldığı «Realme C21Y» markalı mobil telefon müqabilində hər ayın 04-dən gec olmamaqla 18 ay müddətində 27,78 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh ödəniş cədvəli üzrə borcun ödənilməsi öhdəliyinə riayət etməmişdir. Hazırda cavabdehin müqavilə üzrə 203 manat borcu vardır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, lakin həmin ünvandan köçməsi səbəbindən zərf geri qaytarılmışdır. Cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-dən 18 ay müddətinə, hər ay 27,78 manat ödəmək şərti ilə 499,95 manat məbləğində avadanlığın nisyə almasına dair xx.xx.2022-ci il tarixli, 02121327 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə xx.xx.2023-cü il tarixə 184,31 manat əsas, 18,69 manat cərimə olmaqla cəmi 203 manat borcu qalmışdır. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi təşkil edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə alğı-satqı müqaviləsi üzrə aldığı avadanlığın dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 15 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02121327 saylı nisyə alğı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 02121327 saylı müqavilə üzrə 184,31 manat əsas, 15 manat cərimə, ümumilikdə 199,31 (yüz doxsan doqquz manat otuz bir qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat cavabdehə aid edilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02121327 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 184,31 manat əsas, 15 manat cərimə, ümumilikdə 199,31 (yüz doxsan doqquz manat otuz bir qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar