Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2351/2023 15.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq sığorta müqaviləsinə əsasən 819.50 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqını Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay, M.Hüseynoğlu küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə "xxxx" MMC-yə məxsus hasara maddi zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Göyçay Rayon polisi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla “Ford Fusion minik” markalı, ** ZP *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində, "xxxx" MMC-yə məxsus hasara 819,50 (səkkiz yüz on doqquz manat, əlli qəpik) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS231031 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 819,50 (səkkiz yüz on doqquz manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Ford” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir.Buna görə də tələbin təmin edilməsini xahiş edilir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Göyçay şəhər İHB-nın İƏDÜN-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Göyçay şəhər İHB-nın İƏDN-nə 819.50 manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli 168 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, ona 700 manat inzibati cərimə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş tapşırığından görünür ki, 819.50 manat məbləğində sığorta ödənişi Natiq S MMC-nin hesabına ödənilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçını hazırkı tələbi əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 819.50 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-2351/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2351/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver