Məhkəmə qərarları › İş №e-2(046)-296/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-296/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-296/2023 11.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı İrşad Electronics MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 349,9 manat əsas, 52,4 manat cərimə olmaqla, cəmi 402,3 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 323,9 manat əsas, 48,5 manat cərimə olmaqla, cəmi 372,4 manat, ümumilikdə iki müqavilə üzrə 774,7 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, İrşad Electronics MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı SAMSUNG markalı telefon, 2ədəd mobil aksesuara görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla, cəmi 365,9 manat və xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı SAMSUNG markalı telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla, cəmi 339,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci ildə 32 manat ödəniş etmiş iki müqavilə üzrə cəmi qalıq qalmış 673,8 manat borcu qaytarmamışdır. Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Müqavilələr üzrə öhdəliklərini İrşad Electronics qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçıya 673,8 manat əsas, 100,9 manat cərimə borcu olmaqla, cəmi 774,7 manat borcu qalmaqdadır. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək hesab edirəm ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında (nisyə) alqısatqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı SAMSUNG markalı telefon və mobil aksesuara görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla, cəmi 365,9 manat və xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı SAMSUNG markalı telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla, cəmi 339,9 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün aldığı əşyaların dəyəri yəni 774,7 manat məbləğində pul ondan iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı MMC-nin cavabdehdən müqavilə üzrə 100,9 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 5,9 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 349,9 manat əsas, 2,95 manat cərimə olmaqla, cəmi 352,85 manat borc və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 323,9 manat əsas, 2,95 manat cərimə olmaqla, cəmi 326,85 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar