Məhkəmə qərarları › İş №e-2(046)-332/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-332/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-332/2024 23.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 379 manat əsas, 38 manat cərimə, ümumilikdə 417 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, R0050611 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncu aldığı «Xiaomi Redmi 9C» markalı telefon müqabilində hər ayın 5-dən gec olmamaqla 11 ay müddətində 38 manat, 12-ci ayda isə 37 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlığı təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alıdığı malın dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə 417 manat borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. Cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə İddiaçı MMC-i arasında xx.xx.2022-ci il tarixli, R0050611 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ««Xiaomi Redmi 9C» markalı telefon müqabilində hər ayın 5-dən gec olmamaqla 11 ay müddətində 38 manat, 12-ci ayda isə 37 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əşya alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu), o cümlədən əşya mobil telefon və ya digər rabitə vasitəsi olduqda ödəniş 15 gün gecikdirildikdə İMEİ kodun deaksivasiya edilməsi üçün 10 manat məbləğində birdəfəlik komissiyanın ödənilməsi tələb edilə bilər. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2022ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, R0050611 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 379 manat əsas, 38 manat cərimə, ümumilikdə 417 manat borcunun olmasına dair xx.xx.2023cü tarixli maliyyə arayışı tərtib olunmuşdur. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilmısi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, R0050611 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavadehdən cərimənin (dəbbə pulunun) tutulmasının tələb edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad olunsa da həmin maddənin dispozisiyası düzgün qeyd olunmamışdır. Belə ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icrasının təmin tədbiri kimi Mülki Məcəllənin 462-ci maddəsində nəzərdə tutululmuşdur. Dəbbə pulunun tutulması haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə sözügedən normaya istinad olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Konstitusiya Məhkəməsinin mövqeyinə görə faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Göründüyü kimi, Mülki Məcəlləsinin 449-cu maddəsinə əsaslanaraq faizlərin tələb edilməsi üçün ilk növbədə cavabdehin “faydalanması” faktı sübuta yetirilməlidir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sübutlarda bu fakt öz əksini tapmamışdır. Göstərilənlərə əsasən cavadehdən cərimənin (dəbbə pulunun) tutulması hissəsində tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, R0050611 saylı müqavilə üzrə 379 (üç yüz yetmiş doqquz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar