Məhkəmə qərarları › İş №e-2(046)-557/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-557/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-557/2025 07.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5859 manat əsas, 1757 manat 70 qəpik cərimə, ümumilikdə 7616 manat 70 qəpik pulun və 96 manat 17 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli, 02095287 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********17494 «İphone 15 Pro Max» markalı mobil telefon və «Apple» markalı adapter müqabilində hər ayın 30-dan gec olmamaqla 18 ay müddətində 325.50 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məhsulları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə 7616 manat 70 qəpik borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2023-cü il tarixli, 02095287 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İmei kod **********17494 «İphone 15 Pro Max» markalı mobil telefon və «Apple» markalı adapter müqabilində hər ayın 30-dan gec olmamaqla 18 ay müddətində 325.50 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 02095287 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 5859 manat əsas, 1757 manat 70 qəpik cərimə, ümumilikdə 7616 manat 70 qəpik borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə cədvəli tərtib olunmuşdur. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 96 manat 17 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 02095287 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək məhsulları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 50 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 96 manat 17 qəpik məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 02095287 saylı müqavilə üzrə 5859 (beş min səkkiz yüz əlli doqquz) manat əsas, 50 (əlli) manat cərimə, ümumilikdə 5909 (beş min doqquz yüz doqquz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 96.17 (doxsan altı manat on yeddi qəpik) məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar