Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-560/2023 01.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1000 manat məbləğində vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəinin iştirakı olmadan keçrilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, “OPEL ASTRA” markalı, 99–OU–423 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il mayın 08-də Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “OPEL ASTRA” markalı, 99– OU–423 dövlət nömrə nişanlı avtomobillə Göyçay şəhəri, Neft Kəməri küçəsində “VAZ 21063” markalı, 59–BC–805 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Göyçay rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən 14 may 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göyçay YPX-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 4350 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21063” markalı, 59–BC–805 dövlət nömrə nişanlı avtomobillə 1000 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3849 nömrəli ödəniş tapşırığı ilə 1000 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. “OPEL ASTRA” markalı, 99–OU–423dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olduğundan və Cavabdeh2 “OPEL ASTRA” markalı, 99–OU–423 dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2 həm də Cavabdeh1 qarşı yaranır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sığorta aktından görünür ki, “VAZ 21063” markalı, 59– BC–805 nömrə nişanlı avtonəqliyyat vasitəsinə 1000 manat ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" ASC tərəfindən 1000 manat ziyan ödənilmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, “OPEL ASTRA” markalı, 99–OU–423 dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə “OPEL ASTRA” markalı, 99–OU–423 dövlət nömrə nişanlı avtomobili Göyçay şəhəri ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “VAZ 21063” markalı, 59–BC–805 dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh2 əməlində cinayət hadisəsinin tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, həmçinin Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrinin tərkibi olduğundan Göyçay RPŞ-nin DYPB-nə qərarın surəti göndərilmişdir. Sadalananlardan görünür ki, sığorta olunmuş Cavabdeh2 idarə etdiyi “OPEL ASTRA” markalı, 99–OU–423 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə “OPEL ASTRA” markalı, 99–OU–423 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “VAZ 21063” markalı, 59–BC–805 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə 1000 manat məbləğində ziyan dəymiş və həmin ziyan Xalq Sığorta ASC tərəfindən ödənilmişdir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" “OPEL ASTRA” markalı, 99–OU–423 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh1 və hadisə zamanı qeyd edilən avtomobili idarə edən Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 1000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-560/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-560/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver