Məhkəmə qərarları › İş №e-2(046)-592/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-592/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-592/2023 27.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 609 manat əsas borc, 60 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1392 manat əsas borc, 139 manat cərimə borcu olmaqla cəmi 2200 manat borcun və 42 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 994.4 manat dəyərində Paltaryuyan Toshiba 18 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 1740 manat dəyərində 20 ay müddətinə Babil Dolab, Babil Termo, Boy aynası satılmışdır. Cavabdeh həmin borcundan 733.4 manat ödəmiş etmiş, hazırda cavabdehin ümumilikdə 2200 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 2200 manat borcun və 42 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 994.4 manat olan Paltaryuyan Toshiba cavabdehə nisyə satılmış, cavabdeh isə həmin malın dəyərini 18 ay ərzində hər ay 50.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 1740 manat olan Babil Dolab, Babil Termo, Boy aynası cavabdehə nisyə satılmış, cavabdeh isə həmin malın dəyərini 20 ay ərzində hər ay 87 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdehnun "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 609 manat borcun, 60 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 1392 manat borcu, 139 manat cərimə borcu olmaqla cəmi 2200 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehdən hər iki müqavilə üzrə cəmi 199 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pullarının tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pullarının müvafiq olaraq 80 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 42 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumunun, iddia təmin edilən həddə hesablanmaqla 40.81 manatın cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-yəödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23126440 saylı müqavilə üzrə 609 manat əsas borc, 30 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli 23126306 saylı müqavilə üzrə 1392 manat əsas borc, 50 manat cərimə borcu olmaqla cəmi 2081 manat borcun və 40.81 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar