Məhkəmə qərarları › İş №e-2(046)-63/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-63/2025

02.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-63/2025 02.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində keçən magistral qaz kəmərinin mühafizə zonasında quraşdırılmış vaqon evciyin və inşa olunmuş mişar daşından hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm- lik “Göyçay-1 QPS” qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarnın tələbləri pozularaq Göyçay rayonu, Çayarxı kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında Cavabdeh tərəfindən vaqon evcik quraşdırılmış və mişar daşından hasar inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Göyçay rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Göyçay rayon polis şöbəsinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə sərti xətlərlə 25 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Belə ki, tikinti aparmaq üçün lazımi icazələr (yəni “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus mühafizə zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, həmin yerdə vaqon quraşdırılmamış, sadəcə olaraq həmin yerə daşın üstünə qoyulmuş, hər hansı bir şəkildə bərkidilməmişdir. Vaqon oradan istənilən vaxt götürülülə bilər. O, həmin yeri o qaydada almışdır. Qeyd olunan yer çıxarışla ona məxsus olduğu üçün həmin yeri hasarlatmışdır. Orada gələcəkdə partlayış olacağı zamanı hasar heç bir maneəçilik yarada bilməz. Orada qaz idarəsinə birləşik yaşayış yerləri də vardır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-13982/2024 saylı məktubundan görünür ki, xidmətin Ucar ərazi şöbəsinin əməkdaşları tərəfindən 29 iyul 2024-cü il tarixində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Çayarxı kəndi ərazisində keçirilmiş monitorinq zamanı vətəndaş Cavabdeh tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərində məqsədli təyinatdankənar hasarlama işlərinin aparılması faktı aşkar edilmişdir. Həmin faktın baş verməsi inzibati xətaya yol veriiməsi ilə nəticələndiyindən Cavabdeh barəsində Xidmətin səlahiyyətli əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla əlaqədar sözügedən məsələyə səlahiyyətləri daxilində baxılması məqsədilə Göyçay Rayon İcra Hakimiyyətinə Xidmət tərəfindən məktub ünvanlanmışdır. Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X2 Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 325 mm-lik “Göyçay-1 QPS” qaz kəmərinin mühafizə zonası yüksək təzyiqli olduğundan, orada hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələ, yəni onun özünə və ona aid əmlaka dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədi ilə onun tərəfindən aparılan tikinti işlərinin dayandırılması və sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 10/3307 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-36/2-1142/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən magistral qaz kəmərinin mühafizə zonasında quraşdırılmış vaqon evcik və inşa olunmuş mişar daşından hasar Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən Qaz İxrac İdarəsinin balans və istismarında olan 325 mm-lik Göyçay -1 QPS qolu qaz kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsi ilə bağlı sualın idarənin mütəxəssisi tərəfindən cavablandırılması mümkün olmamışdır. 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəməri ilə Cavabdeh tərəfindən naturada göstərilən vaqon evcik arasında 11.5 metr inşa olunmuş mişar daşından hasar arasında 7 metr məsafə olduğu mütəxəsis tərəfindən müəyyən edilmişdir. Ödəniş tapşırığından görünür ki iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün smetaya uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsalalari Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin bank hesabına 95 manat məbləğində ödəniş edilmişdir. ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 22-ci maddəsinin 2-ci bəndinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı Qərarının: 4.1-ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh Göyçay rayonu, Çayarxı kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında Cavabdeh məxsus müxtəlif təyinatlı (vaqon evcik, tövlə, talvar və dəmir lövhələrdən ibarət hasar) tikililər quraşdırmışdır. Hazırda iddiaçı qeyd olunan tikililərin həm cavabdehin özünün, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olduğu üçün sökülməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində qeyd olunmuşdur ki, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəməri ilə Cavabdeh tərəfindən naturada göstərilən vaqon evcik arasında 11.5 metr inşa olunmuş mişar daşından hasar arasında 7 metr məsafə olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında yerləşən torpaq sahəsindən Cavabdeh tərəfindən quraşdırılmış hasarlar cavabdehin hesabına sökülməli və cavabdeh həmin tikilidən çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi isə aşağıdakı qaydada həyata keçirilməlidir. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün 100 manat ekspertiza xərcindən, cəmi 200 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi ilə bağlı ödəniş iddiaçıya aid edilməlidir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı və cavabdeh arasında müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında yerləşən torpaq sahəsindən Cavabdeh tərəfindən quraşdırılmış hasarlar cavabdehin hesabına sökülsün və cavabdeh həmin tikilidən çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi ilə bağlı ödəniş iddiaçıya aid edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı və cavabdeh arasında müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar