Məhkəmə qərarları › İş №e-2(046)-674/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-674/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-674/2024 03.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqavilə üzrə İmei kodu **********27460 X3 12 markalı telefon üçün 399 manat 97 qəpik ödənilməmiş hissə, 39 manat 03 qəpik cərimə, ümumilikdə 439 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki cavabdeh "xxxx" MMC ilə xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********27160 X3 12 markalı telefon almış və nəticədə 439 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 649 manat 98 qəpik (12 ay x 49.99 manat + 50.1 manat ilkin ödəniş) olan İmei kodu **********2 7460 X3 12 markalı telefon üçün ümumilikdə 439 manat olmaqla, ondan, 399 manat 97 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat 03 qəpik cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 250 manat 01 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, 2023-cü ilin aprel ayında «Kontak Hom»un Göyçay şəhərində yerləşən mağazasından bir ədəd «Redmi» markalı mobil telefonu kredit əsasında “qızıl zəmanət” lə götürmüşdür. Kredit müqaviləsinə əsasən bir illik müddətinə aylıq əlli manat ödənilməsi şərti ilə ona verilmişdir. Beş ay müddətində 250 manat pul ödəmişdir. Sonradan telefonun təmiri ilə əlaqədar əvvəl götürdüyü «Samsung» markalı telefonun pulsuz təmirindən imtina ediblər və təmir üçün ondan 110 manat pul tələb ediblər. O «Kontakt Hom» dan bağladığı qızıl zəmanətə ödədiyi 130+130 manat cəmi 260 manatın ona hesablanmış kredit pulu ilə əvəzlənməsini tələb etmişdir. Onlar isə öz növbəsində onun tələbini yerinə yetirmədən kreditlə götürdüyü «Redmi» telefonunu bağlayıb istifadədən çıxardıblar. Bundan sonra xx.xx.2024- cü il tarixində “ABC TELECOM MMC”-nin problemli kreditlər departamentinin rəhbəri R.Suleymanlının imzası ilə məktub göndərilmişdir. Məktuba əsasən «Redmi» telefonun tam heç bir qüsuru olmadan aldığı vəziyyətdə mağazaya qaytarmışdır. Lakin buna baxmayaraq ödədiyi 250 manatı nəzərə almadan ondan əlavə 400 manatı pul tələb edirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə teleqram ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi, izahat verərək bildirdi ki, 2023cü ildə «Kontakt Hom»un Göyçay şəhərində yerləşən mağazasından bir əddə «Redmi» markalı mobil telefonu niysə almışdır,telefona «qızıl zəmanət» talonu verilmişdir.Həmin telefona görə 5 ay hər 50 manat olmaqla 250 manat ödəmişdir.Sonradan əvvəl aldığı «Samsunq» markalı telefonunun təmir ilə əlaqədar iddiaçıya müraciət etmiş,lakin ondan 110 manat pul tələb etmişlər.İddiaçıdan «qızıl zəmanət» talonuna ödədiyi 260 manatı ödənilməmiş hissə ilə əvəzlənməsini tələb etmiş,lakin onun tələbinə məhəl qoymamışlar «Redmi» markalı telefonu şəbəkədən ayırıb bağlamışlar.Bundan sonra «Redmi» markalı telefonunu «Kontakt Hom»un mağazasına qaytarmamışdır.İddiaçının ondan tələb etdiyi məbləğlə razı deyil. İddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 05 mart 2024-cü il tarixli ərizəsindən görünür ki,Cavabdeh xx.xx.2023-cü il tarixində nisyə alqı-satqı müqaviləsinə əsasən «X3 12» İmey kodu **********27460 markalı mobl telefon əldə etmişdir.Müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğu üçün müvafiq müqavilənin 4.1-ci bəndinə əsasən cavabdehə qarşı yuxarıda göstərilən İmey kodu **********27460 olan mobil telefon barədə mülki qaydada iddia qaldırılmışdır.Göstərilən etirazda iddianın predmetinə aid olmayan və cavabdeh tərəfindən öncədən alınmış «Samsunq Galaxy A03s» markalı mobil telefonun təmiri barədə bildirilmişdir.İddianın predmetinə aid olmayan əşya barədə verilmiş etirazın nəzərə alınmamasını xahiş edir.Cavabdeh etirazında haqqında bəhs edilən «Samsunq Galaxy A03s» markalı mobil telefon barəsində ayrıca olaraq məhkəməyə müraciət edə bilər. İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 399 manat 97 qəpik ödənilməmiş hissə, 39 manat 03 qəpik cərimə olmaqla, cəmi 439 manat borcu mövcuddur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı X1 arasında dəyəri 649 manat 98 qəpik olan «X3 12» markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqısatqısı barədə müqavilə imzalanmışdır. Müqavilənin 2.6-cı bəndinə görə “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Müqavilənin 3.15-ci bəndinə görə “Müştəri” “ABC”nin razılığı olmadan “Mal(lar)” ı “ABC» -yə, yaxud “ABC»-nin əməkdaşlıq eldiyi servis mərkəzinə aid olan hər hansı daşınar, daşınmaz obyektdə (məkanda) saxlayarsa və ya sahibsiz buraxarsa, bu halda “ABC” “Mal”a cavabdehlik daşımır, həmçinin belə hal “Müştəri”ni həmin “Mal” ilə əlaqədar ödəniş öhdəliklərindən azad etmir. Müştəri həmin malı 5 təqvim günü ərzində geri götürmədiyi təqdirdə 3.2-ci bənd tətbiq edilir. Müqavilənin 3.2-ci bəndinə görə “ABC” 3.1-ci bənddə miiəyyon edilmiş qaydada qaytarılmış Malın (ödənişsiz təqdim edilmiş mal istisna olmaqla), həmçinin 3.15- ci bənddəki hala aid olan Malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib “Müştəri”nin “ABC”-yə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş «Kontakt Home» 52 «Göyçay» möhürü ilə təsdiq edilmiş arayışdan görünür ki, Cavabdeh istifadəsində olan «X3 12» markalı mobil telefon atılmış məhsul kimi aidiyyatı üzrə göndərilməsi qeyd edilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC dəyəri 649 manat 98 qəpik dəyərində «X3 12» markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlandığından, müqavilədə göstərilən malı təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı MMC-i pozulmuş hüququnun bərpası üçün verilmiş əşyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 399 manat 97 qəpik ödənilməmiş hissə, 39 manat 03 qəpik cərimə olmaqla, ümumilikdə 439 manat tutularaq İddiaçı MMC-nə verilməli, bununla da iddia təmin edilməlidir. O ki qaldı Cavabdeh «X3 12» markalı mobil telefonun iddiaçıya qaytarılmasına və 250 manat ödənilməsinə baxmayaraq ,ondan əlavə olaraq pulun tələb edilməsi barədə etirazda göstərdiyi dəlilinə,məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin 3.15-ci bəndində nəzərdə tutulmuş şərti əsas götürərək hesab edir ki, telefon aparatının iddiaçının razılığı olmadan ona qaytarılması müştərini ödəniş öhdəliklərindən azad etmədiyindən, cavabdehin bu dəlili əsassızdır.Belə ki,iş materiallarından İddiaçı MMC-in razılığı ilə telefon aparatının ona qaytarılması müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 399 manat 97 qəpik ödənilməmiş hissə, 39 manat 03 qəpik cərimə olmaqla, ümumilikdə 439 manat tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar