Məhkəmə qərarları › İş №e-2(046)-836/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-836/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-836/2023 25.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixdə alınmış mallara görə ödənilməmiş 5800 manat məbləğində pulun və iş üzrə ödənilmiş 78 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Nərimanov rayonu Eurohome bazarında elektrik avadanlıqlarının satışı ilə məşğul olur. Cavabdeh dəfələrlə ondan elektrik avadanlıqlarını nəğd ödəniş və yaxud nisyə olaraq almışdır. Lakin xx.xx.2022-ci il tarixdə ondan 7500 manat dəyərində elektrik naqilləri götürmüşdür. Həmin məbləğdən 1700 manatı ödəsə də qalan 5800 manat borcunu ödəməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh ona dəymiş ziyanın geri qaytarılması barədə tədbir görülməsini xahiş etmişdir. Cavabdeh izahatında borcunu etiraf edərək qeyd etmişdir ki, " Nərimanov rayonu Eurohome bazarında elektrik avadanlıqlarının satışı ilə məşğul olan İddiaçı dükanından dəfələrlə elektrik avadanlıqları götürərək, şəxsi işi ilə bağlı sifarişlər əsasında işlədərək qazanc əldə etmiş, bu münasibətlər 4 ildən artıqdır ki, vardır. Bu müddət ərzində nağd ödəniş və nisyə işləmiş, heç bir vaxtda aralarında narazılıq yaranmamışdır. Lakin sonuncu dəfə 2 ay əvvəl mən onlardan götürdüyüm malın pulunun bir hissəsini ödəsəmdə , 5800 manatını borclu qalmışam" Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq Cavabdeh xx.xx.2022-ci il tarixdə alınmış mallara görə ödənilməmiş 5800 manat məbləğində pulun və iş üzrə ödənilmiş 78 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan görünür ki, Cavabdeh izahatında Nərimanov rayonu Eurohom bazarında elektrik avadanlıqlarının satışı ilə məşğul olan İddiaçı dükanından dəfələrlə elektrik avadanlıqları götürdüyünü, şəxsi işi ilə bağlı sifarişlər əsasında işlədərək qazanc əldə etdiyini, bu münasibətlərin 4 ildən artıqdır ki olduğunu, bu müddət ərzində nağd ödəniş və nisyə işlədiyini, heç bir vaxtda aralarında narazılıq yaranmadığnı, lakin sonuncu dəfə 2 ay əvvəl o, onlardan götürdüyü malın pulunun bir hissəsini ödəsə də, 5800 manatını borclu qaldığını göstərmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh xx.xx.2022ci il tarixdə 7500 manat dəyərində elektrik naqillərini nisyə satmış, Cavabdeh 1700 manat nəqd ödəmiş, 5800 manat borcu qalmışdır. Cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsində verdiyi izahatında İddiaçı nisyə aldığı elektrik naqillərinə görə 5800 manat borcu qaldığını etiraf etmişdir. Tərəflar arasında 06 oktyabr 2022-ci il tarixdə elektrik naqillərinin nisyə alqı-satqı müqaviləsi bağlandığından, elektrik naqillərini təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir.Belə olan halda satıcı İddiaçı pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər:ya verilmiş əşyanın ödənilməsini,ya da ki,ödənilməmiş malın qaytarılmasını. Məhkəmə hesab edir ki, İddiaçı verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh elektrik naqillərinin ödənilməmiş 5800 manat hissəsi tutularaq İddiaçı verilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 78 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə alınmış elektrik naqillərinə görə ödənilməmiş 5800 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh 78 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar