Məhkəmə qərarları › İş №e-2(046)-893/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-893/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-893/2025 18.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddia üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh ilə bağladığı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 690 manat 81 qəpik olan «X1 12» markalı mobil telefonu 18 ay müddətinə nisyə satmışdır. İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 674 manat 80 qəpik ödənilməmiş hissə, 337 manat 40 qəpik cərimə olmaqla, cəmi 1012 manat 20 qəpik və ödənilmiş 30 manat 13 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2025-ci il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 674 manat 80 qəpik ödənilməmiş hissə, 337 manat 40 qəpik cərimə olmaqla, cəmi 1012 manat 20 qəpik borcu mövcuddur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 690 manat 81 qəpik olan «X1 12» markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulduğundan, müqavilə hissə-hissə ödəmə şərtilə nisyə satılması haqqında olmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətlərdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı "xxxx" MMC verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 337 manat 40 qəpik məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, 337 manat 40 qəpik məbləğində cərimə 33 manat 74 qəpik məbləğinədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh 674 manat 80 qəpik ödənilməmiş hissə, 33 manat 74 qəpik cərimə olmaqla, cəmi 708 manat 54 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat 13 qəpik məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 337 manat 40 qəpik cərimə 33 manat 74 qəpik məbləğinədək azaldılsın. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 674 manat 80 qəpik ödənilməmiş hissə, 33 manat 74 qəpik cərimə olmaqla, cəmi 708 manat 54 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat 13 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar